Səlis nitq və təfəkkürünü inkişaf etdirmək istəyənlər üçün 5 KİTAB

Hazırda oxunan: Səlis nitq və təfəkkürünü inkişaf etdirmək istəyənlər üçün 5 KİTAB

629432

Səlis nitq, aydın tələffüz, axıcı diksiya, eləcə də məntiqi düşüncənin inkişafı sadəcə təhsilli olmaqla kifayətlənmir. Bunun üçün uzun illərin ədəbi təcrübəsi lazımdır. Bədii ədəbiyyat nitqi formalaşdırmaqla yanaşı, yaddaşı, lüğət və bilgi ehtiyatını da  zənginləşdirir.

Bizim.Media dilinizi və düşüncənizi dəyişdirəcək 5 kitabı diqqətinizə çatdırır: 

Qabriel Qarsiya Markes – “Yüz ilin tənhalığı” 

Orilinalı ispanca, amma dünya dillərinə ən çox tərcümə olunmuş əsərlərdən olan kult romandır. Kolumbiyalı yazıçı Qabriel Qarsiya Markes təcrid olunmuş Makondo şəhərini quran Buendía ailəsinin altı nəslinin və onların ölümcül tənhalığının hekayəsini danışır.

Personajlar çarəsizcəsinə daxili tənhalıqlarından qurtuluş axtarırlar, lakin atdıqları hər addım qaçılmaz sonu daha da yaxınlaşdırır. Markesin ənənəvi mistik-realizmi əsasında yazılmış romanda tam bir dövrü əhatə edən faciəli taleləri, müharibələri özünəməxsus, düşündürücü dillə təsvir edir. 

Hermann Hesse – “Muncuq oyunu” 

Alman klassikinin son və ən mürəkkəb romanıdır. Bu, fəlsəfi bir utopiya və ölməkdə olan bir dünyada sənətin taleyi haqqında dərin bir düşüncədir. Oxucunu uzaq gələcəyə, dağıdıcı müharibələrdən sonra ən yüksək insani dəyərləri qorumaq üçün yaradılmış təcrid olunmuş ziyalılar əyalətinə aparır. Roman elm, riyaziyyat, musiqi və fəlsəfəni vahid dildə birləşdirən sirli sintezdir. 

Boris Pasternak – “Doktor Jivaqo”

Rus-sovet yazarının Nobel mükafatına layiq görülmüş romanıdır, Birinci Dünya Müharibəsinin, Rusiyada vətəndaş müharibəsinin fəlakətini həkim və şair Yuri Jivaqonun həyatı vasitəsilə təsvir edir. Pasternak ən vacib hadisələrin qəhrəmanın ruhunda cərəyan etdiyini və sevginin reallığın dəhşətlərindən qaçış yoluna çevrilişini romanında məharətlə ifadə edib. Yurinin Lara ilə münasibəti dünya ədəbiyyatının ən faciəli və saf sevgi hekayələrindən biridir. Kitab Yuri Jivaqonun özünün şeirlər silsiləsi ilə başa çatır.

Con Faulz – “Sehrbaz”

İngilis yazıçı Con Faulzun şah əsəri hesab olunur, oxucunun zehni ilə oynayan hipnotik psixoloji triller və postmodern labirint romanıdır. Gənc və eqoist Nikolas Erfe, müəllim işləmək üçün Yunan adası Fraksosda darıxdırıcı həyatdan bezir. Orada o, sirli milyonçu Konçis ilə qarşılaşır və o, Nikolası qəribə, qorxulu və valehedici bir oyuna cəlb edir. Qəhrəman və oxucu hər dəfə oyunun qaydalarını anladıqlarını düşündükdə, müəllif hər şeyi alt-üst edir və romanı insan ruhunun yenidən doğulması sınağına çevirir.

Umberto Eko – “Qızılgülün adı"

İtalyan yazıçının debüt romanı dərin tarixi və fəlsəfi traktat hesab edilən intellektual bestsellerdir. Əsərdə cərəyan edən hadisələr 1327-ci ilin noyabr ayında İtaliyanın şimalındakı bir monastırda baş verir. Baskervilli rahib Uilyam və onun gənc təcrübəsiz köməkçisi Adso teoloji müzakirələrdə iştirak etmək üçün monastıra gəlirlər, lakin dərhal bir sıra qorxunc və sirli rahib qətlləri ilə bağlı hadisələrin içinə düşürlər. Uilyam məntiqini işə salaraq dini fanatizmi, Vatikanın siyasi intriqalarını ortaya çıxarır. 

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin