BTB Bankdan sonra diqqət çəkən statistika: Son 6 ildə neçə bank bağlanıb?
Xəbər verdiyimiz kimi, "BTB Bank" ASC-nin lisenziyası Mərkəzi Bankın qərarı ilə ləğv olunub. Bununla da bank sektorunda əvvəlki illərdə qəbul edilən oxşar qərarlar yenidən gündəmə gəlib. Son illərdə Azərbaycanda bir neçə bankın lisenziyası ləğv olunub, bəziləri müflis elan edilib, bəziləri isə başqa banklara birləşdirilib. Ən son belə qərar isə bu il “BTB Bank”la bağlı verildi.
Bank "BTB" ASC 2010-cu ildə təsis edilib və Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 5 mart tarixli Qərarı ilə, öz müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsinə razılıq verilib. Bu çərçivədə bankın lisenziyası ləğv olunub, hüquqi varisi "T-Kredit" BOKT yaradılıb.
Eyni zamanda, bankın öhdəlikləri ABB-yə ötürülüb. Mərkəzi Bankdan bildirilib ki, müştərilərin əmanətləri və kreditləri əvvəlki şərtlərlə ABB tərəfindən davam etdirilir.
Bizim.Media bunun fonunda son 6 ildə fəaliyyəti dayandıran bankların siyahısını təqdim edir:
2020-ci ildə lisenziyası ləğv edilən ən böyük banklardan biri "AtaBank" olub.
Mərkəzi Bankın yoxlamaları zamanı bankın ciddi maliyyə itkiləri ilə üzləşdiyi, kapitalını itirdiyi və müflis vəziyyətinə düşdüyü müəyyən edilib. Səhmdarlara banka əlavə vəsait qoymaq təklif olunsa da, bu baş verməyib. Nəticədə bankın lisenziyası ləğv edilib və məhkəməyə müraciət olunaraq müflisləşmə prosesi başladılıb.
Həmin il bağlanan digər bank "Amrahbank" idi. Yoxlamalar zamanı bankın kapitalını tam itirdiyi, mənfi kapitalının təxminən 77 milyon manata çatdığı müəyyənləşib. Bankın səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin səhmdarlar əlavə vəsait yatırmadığından bankın fəaliyyəti dayandırılıb.
2020-ci ildə fəaliyyətini dayandıran banklardan biri də "AGBank" olub. Mərkəzi Bank bankın 145 milyon manat mənfi kapitala malik olduğunu, likvidlik problemi yaşadığını və kredit portfelinin 54 faizinin problemli kreditlərdən ibarət olduğunu açıqlamışdı. Bundan sonra bankın lisenziyası ləğv edildi.
Eyni tarixdə "NBCBank"ın da fəaliyyəti dayandırıldı. Yoxlamalar bankda 23 milyon manat kapital çatışmazlığı, likvidlik problemləri və 32% təşkil edən problemli kreditləri üzə çıxarmışdı. Bu səbəbdən bankın lisenziyası ləğv olundu.
2023-cü ildə "Günay Bank"ın da lisenziyası ləğv edildi. Mərkəzi Bank bankın məcmu kapitalının qanunvericiliyin tələb etdiyi minimum həddən aşağı olduğunu, kapital adekvatlığının normativlərə cavab vermədiyini və bankın etibarlı fəaliyyət göstərə bilmədiyini bildirdi. Bundan sonra banka müvəqqəti inzibatçı təyin edildi və müflisləşmə proseduruna başlanıldı.
2023-cü ildə oxşar qərar "Muğan Bank" barədə də qəbul edildi. Mərkəzi Bank açıqladı ki, bankın kapitalı minimum tələbdən aşağı düşüb, kapital adekvatlığı normadan azdır və daxili idarəetmə ilə nəzarət mexanizmlərində ciddi çatışmazlıqlar var. Nəticədə bankın lisenziyası ləğv edildi.
"Naxçıvanbank"ın fəaliyyəti isə digər banklardan fərqli səbəbdən dayandırılıb. Bank müflis olmadığı halda, restrukturizasiya çərçivəsində "Kapital Bank"a birləşdirilib. Müştərilərə xidmət həmin bank vasitəsilə davam etdirilir.
Ümumilikdə isə Azərbaycanda daha bir sıra banklar sektordan ayrılıb. Onların sırasında Royal Bank, Azərbaycan Kredit Bankı, Euro Bank, Bank Standard, Gəncə Bank, Qafqaz İnkişaf Bankı, United Kredit Bank, Zamin Bank, Kredo Bank, Bank of Azerbaijan, Para Bank, Texnika Bank, Deka Bank, Atrabank, Dəmir Bank və Pakistan Mərkəzi Bankının Bakı filialı yer alır.
Son illərin təcrübəsi göstərir ki, bankların bağlanmasına əsasən kapital çatışmazlığı, likvidlik problemləri, problemli kreditlərin artması və Mərkəzi Bankın prudensial tələblərinin yerinə yetirilməməsi səbəb olur. Bununla da maliyyə dayanıqlığını təmin edə bilməyən banklar bazarı tərk edir.
Xədicə Paşayeva, Bizim.media







































































































