Dövlət sektorunda evdən işləyənlərin sayı artacaq - DEPUTAT

Hazırda oxunan: Dövlət sektorunda evdən işləyənlərin sayı artacaq - DEPUTAT

629115

Azərbaycanda Əmək Məcəlləsinə edilən dəyişikliklərlə distant işin hüquqi əsaslarının müəyyənləşdirilməsi əmək bazarında çevik məşğulluq modellərinin tətbiqini genişləndirəcək.

Bizim.Media xəbər verir ki, modern.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, distant və hibrid iş modeli Azərbaycanda yeni anlayış deyil və pandemiyadan sonra özəl sektorda geniş tətbiq olunmağa başlayıb.

"Qanunvericilikdə dəyişikliklər edilməzdən əvvəl də özəl sektorda distant iş praktikasından istifadə olunurdu. Pandemiyadan sonra həm təhsil, həm də müxtəlif iş yerlərində hibrid iş rejimi tətbiq edilməyə başladı və son illər bu modeldən istifadə edənlərin sayı artıb", – deyə o bildirib.

Vüqar Bayramovun sözlərinə görə, hibrid iş modeli işəgötürənlər üçün xərclərin optimallaşdırılmasına imkan yaradır.

"Qanunvericilik bazasının formalaşması növbəti dövrdə evdən işləyənlərin sayının artmasına gətirib çıxaracaq. Bunun üstünlüyü yalnız işəgötürənlərin xərclərinin azalması deyil. Bu model bəzi hallarda vətəndaşlara eyni vaxtda bir neçə iş yerində çalışaraq daha çox gəlir əldə etmək imkanı da yaradır", – deputat vurğulayıb.

Onun sözlərinə görə, hazırda distant və hibrid iş modeli əsasən özəl sektorda tətbiq edilir və növbəti mərhələdə bu təcrübənin dövlət sektorunda da genişləndirilməsi vacibdir.

"Əsas məsələ dövlət sektorunda da bu modelin daha geniş yayılmasına nail olmaqdır. Çünki hazırda özəl sektor hibrid iş rejimindən daha fəal istifadə edir. Gözləntilər ondan ibarətdir ki, dövlət sektorunda da həm ofisdən, həm də evdən işləyənlərin sayı artsın", – o qeyd edib.

Deputat xatırladıb ki, Məşğulluq Strategiyasında çevik iş modelinin tətbiqi nəzərdə tutulur və bu da hibrid məşğulluğun genişlənməsini təşviq edəcək.

"Çevik iş modeli vətəndaşların həm evdən, həm də ofisdən işləməsini nəzərdə tutur. Eyni zamanda bəzi hallarda həftədə beş deyil, dörd iş günü tətbiq oluna bilər. Bu zaman gündəlik iş saatları daha çox olacaq", – deyə Vüqar Bayramov bildirib.

Deputatın fikrincə, yaxın illərdə əmək bazarında yeni məşğulluq modellərinin tətbiqi sürətlənəcək və bu dəyişikliklər yalnız hibrid iş rejimi ilə məhdudlaşmayacaq. Yeni yanaşmalar əmək münasibətlərinin daha çevik və müasir tələblərə uyğun təşkilinə şərait yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin