Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

628666

Şamaxı rayonunda 27 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.

1999-cu il təvəllüdlü Aslan həmin kənddə yerləşən fərdi yaşayış evində həyat yoldaşı Səmayə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranmış ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Aslan masanın üzərində olan meyvəqabını qadına atıb.

Faktla bağlı Aslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Aslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səmayə ilə 2021-ci ildə ailə həyatı qurub və ilk vaxtlar münasibətləri normal olsa da, son vaxtlar aralarında mübahisələr olub:

"Məlum hadisə günü saat 13 radələrində yaşadığım evdə olarkən həyat yoldaşım Səmayə ilə yenidən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Səmayə məni təhqir etdi. Mən də masanın üzərində olan meyvə qabının qırılmış alt hissəsini ona atdım. Atdığım əşya Səmayənin baş nahiyəsinə dəydi. Nəticədə onun baş nahiyəsindən qan axmağa başladı”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra həyətə çıxıb və həyətdə də həyat yoldaşı ilə aralarında qısa müddətli mübahisə baş verib:

"Bundan sonra Səmayə ata evinə getdi. Aramızda baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etdi. Sonradan törətdiyim əməldən səmimi peşman olmuşam”.

İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, həyat yoldaşı Aslan ilə münasibətləri normal olmayıb:

"Dəfələrlə aramızda mübahisələr baş verib. Həmin mübahisələr zamanı həyat yoldaşım mənə xəsarətlər yetirib. Lakin ailəmin qorunub saxlanılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməmişəm”.

Səmayə ifadəsində əvvəllər də əri tərəfindən şiddətə məruz qalmasını nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin olunmasını xahiş edib.

Şamaxı Rayon Məhkəməsinin hökmü ilə Aslan 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin