Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə dörd yeni ixtisas əlavə olunub.
Bu sözləri Bizim.Media-ya Ali Təhsil Müəssisələrinin Sərgisində iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndəsi bildirib.
Ali təhsil müəssisəsinin nümayəndəsi qeyd edib ki, bu ixtisaslara bu il ilk dəfə qəbul aparılacaq:
"Yeni açılan dörd ixtisasdan ikisi IV ixtisas qrupuna aiddir – Kimya və Biotexnologiya, digər ikisi isə I ixtisas qrupuna aid Fizika və Riyaziyyat istiqamətindədir".
Onun sözlərinə görə, sərgiyə maraq ildən-ilə artır:
"Ali təhsil müəssisələrinin sərgisi abituriyentlər üçün mühüm platformaya çevrilib. Sərgi artıq üç gündür davam edir və bu müddətdə təcrübə göstərir ki, abituriyentlər üçün zəruri məlumatlar tam əlçatan olub. Onlar istənilən universitetin nümayəndəsinə yaxınlaşaraq ixtisaslar, təhsil imkanları, universitetin infrastrukturu və tələbə həyatı barədə ətraflı məlumat əldə edə bilirlər.
Maraqlı məqamlardan biri də odur ki, əvvəlki illərdə daha çox valideynlər ixtisas seçimi ilə bağlı israr edirdilərsə, bu il abituriyentlər özləri universitet stendlərinə yaxınlaşaraq bütün ixtisaslar və təhsil imkanları ilə maraqlanırlar. Artıq üçüncü ildir keçirilən bu Təhsil Sərgisinə maraq ildən-ilə artır. Bu il də regionlardan çoxsaylı ziyarətçilər iştirak edib. Hesab edirəm ki, sərgidə topladıqları məlumatlar sayəsində abituriyentlər üçün ixtisas seçimi daha rahat və düşünülmüş olacaq”.






Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

































































































