Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Hazırda oxunan: Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

628468

Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrində – Azərbaycan Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Avrasiya Universiteti kimi ali təhsil müəssisələrində kütləvi müəllim vakansiyaları elan olunub. Birdən çox fakültə və dekanlıq üzrə kadrların tələb olunması ali məktəblərdə kəskin müəllim çatışmazlığının yaşandığını göstərir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a açıqlama verən "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər" Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, bu mənzərənin əsas səbəbi müəllim peşəsinə marağın azlığı deyil, aşağı əməkhaqqı fonunda artan akademik tələblər və alternativ sektorların yaratdığı rəqabətdir.

Ekspertin sözlərinə görə, əsas problem gənc və perspektivli mütəxəssislərin maliyyə baxımından qiymətləndirilməməsidir:

"Bir şəxsin universitet müəllimi olması üçün 4 il bakalavr, 2 il magistratura, 3 il doktorantura təhsili alması lazımdır. İllərlə çəkilən zəhmətin, vaxt və maliyyə itkisinin müqabilində təklif olunan 250-400 manatlıq əməkhaqqı gəncləri ali məktəblərdən uzaqlaşdırır. Magistr dərəcəsinə sahib gənclər elmi dərəcələri olmadığı üçün daha çox yarımştat, saathesabı və ya assistent kimi işə götürülür. Bir çox dövlət universitetlərində saathesabı dərs deyən müəllimə 1 akademik saat üçün cəmi 2.5-5 manat ödənilir. Vergilər çıxıldıqdan sonra bu məbləğ heç minimal yaşayış ehtiyaclarını belə ödəmir".

İlqar Orucov vurğulayıb ki, magistr dərəcəsini bitirmiş savadlı kadrlar universitet əvəzinə özəl sektora və ya orta məktəblərə üstünlük verirlər:

"IT, mühəndislik və iqtisadiyyat sahəsində dili bilən gənc mütəxəssis özəl şirkətlərdə 1500-2500 manat başlanğıc maaşı ilə iş tapır. Universitetdə 1 ay ərzində onlarla qrupa dərs deyib 300 manat qazanan müəllim, fərdi repetitorluq və ya özəl kurslarda həmin məbləği bəzən bir günə qazanır. Həmçinin son illərdə ümumtəhsil məktəblərində sertifikasiya nəticəsində maaşların əhəmiyyətli dərəcədə artması da magistrların orta məktəblərə yönəlməsinə sabəb olub".

Ekspert ali məktəblərdəki inzibati yükün də gənc kadrlara mane olduğunu qeyd edib:

"Müəllimdən təkcə dərs demək yox, sillabusların yazılması, tyutorluq, elektron jurnalların doldurulması və elmi məqalələrin dərc olunması tələb olunur. Aşağı maaş müqabilindəki bu ağır bürokratik yük insanlarda peşəkar tükənməyə yol açır. ADA, UNEC və BDU kimi resurslu universitlərdə 1200-1700 manat civarında rəqabətədavamlı maaşlar verilsə də, digər profilli dövlət və region universitetlərində baza maaşları kritik dərəcədə aşağıdır. Universitet müəllimliyi artıq əsas gəlir yeri statusunu itirib, gənclər bura yalnız prestij və ya təcrübə üçün qısamüddətlik gəlirlər".

İlqar Orucov problemin həlli üçün müəyyən təkliflər də irəli sürüb. O bildirib ki, ilk növbədə universitetlərin maliyyə müstəqilliyi gücləndirilməlidir. Təhsil haqlarından gələn gəlirlər təmirlərə, bina tikintisinə deyil, birbaşa müəllim maaşlarının artırılmasına yönəlməlidir:

"Sənayedən peşəkar kadrları cəlb etmək üçün saathesabı ödəniş dərəcələri ən azı 3-4 dəfə artırılmalı, akademik heyət üzərindəki bürokratiya azaldılmalıdır. Bizim universitetlərimizin daxili keyfiyyəti, laboratoriya şəraiti, kitabxana sistemi və dual təhsil imkanları da zahiri görkəmi kimi yenilənməlidir", - deyə ekspert fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin