Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı problemlər uzun illərdir müzakirə olunur. Lakin görünən odur ki, milli mədəni irsimizə münasibətdə laqeyd yanaşma hələ də davam edir.
Azərbaycanın sevilən filmləri, mahnıları, şeirləri və obrazları kommersiya məqsədləri üçün istifadə olunur, amma bu zaman həmin əsərlərin müəlliflərinin və hüquq sahiblərinin razılığı məsələsi çox vaxt sual altında qalır.
Son nümunələrdən biri də "Bizim Cəbiş müəllim" filminin məşhur obrazının reklam çarxında istifadəsidir. Rabitəbank tərəfindən hazırlanan reklamda Cəbiş müəllim obrazından pul krediti şərtlərinin təqdimatı məqsədilə istifadə edilib. Bu addım ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Məsələyə Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM) də etirazını bildirib.
Bizim.Media-ya açıqlamasında Birliyin rəhbəri Xəyal Rza milli mədəni irs nümunələrinin kommersiya məqsədləri üçün istifadəsi zamanı müəllif hüquqları və etik məsələlərin nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Müəllif hüquqlarının pozuntusuna görə dünyada ilk yerlərdəyik bəlkə də... Kimin ağlına nə gəlir, edir. Banklar, qida istehsalçıları, marketlər Azərbaycanın ən önəmli filmlərinə, musiqilərinə, şeirlərinə təcavüzlə məşğuldurlar. Ən primitiv rekamlarda ən dəyər verdiyimiz əsərlərdən istifadə edilir. İndi də "Bizim Cəbiş müəllim"in boğazına kəndir salıblar.
Həsən Seyidbəylinin, Maqsud İbrahimbəyovun, Süleyman Ələsgərovun, Emin Sabitoğlunun hansı varisindən icazə alınıb?
Cəbiş müəllim sadəcə bir obraz deyil. Bu, Azərbaycan kinosunun, ədəbiyyatının və musiqisinin tarixində xüsusi yeri olan böyük bir əsərin parçasıdır. Obrazın arxasında isə Həsən Seyidbəylinin rejissorluğu, Maqsud İbrahimbəyovun ssenarisi, Süleyman Ələsgərov və Emin Sabitoğlu kimi sənətkarların yaradıcılığı dayanır.
Maraqlıdır, həmin sənətkarların ailəsindən və ya hüquqi varislərindən icazə alınıbmı? Müqavilə imzalanıbmı? Onların razılığı olubmu?
Əgər olmayıbsa, demək ki, burada ciddi şəkildə bu müəlliflərin hüquqları pozulub. Əminəm ki, icazə almayıblar və onların arasında sözləşmə yoxdur”.
Qeyd edək ki, bu, ilk belə hal deyil. Vaxtaşırı bankların, qida şirkətlərinin, marketlərin və digər kommersiya qurumlarının Azərbaycan mədəniyyətinin ən dəyərli nümunələrindən reklam vasitəsi kimi istifadə etdiyinin şahidi oluruq.
Tanınmış mahnılar, klassik filmlərdən fraqmentlər, məşhur ifadələr bəzən heç bir hüquqi və etik çərçivə gözlənilmədən reklam materiallarına daxil edilir.
Müəllif hüquqları haqqında qanunvericiliyə əsasən, əsərdən və ya onun elementlərindən kommersiya məqsədi ilə istifadə zamanı müəlliflərin, hüquq sahiblərinin və digər səlahiyyətli şəxslərin hüquqları nəzərə alınmalıdır.
Məsələ ilə bağlı “Rabitəbank” ASC-nin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 30.07.2026
Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO
Hazırda oxunan: Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO
Hazırda oxunan: Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO
628374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































