İşğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini əyani tanış etmək məqsədilə Laçın rayonuna mediatur təşkil edilib.
Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gerçəkləşən səfər çərçivəsində iştirakçılara azad edilən ərazilərə köçürülən sakinlərlə bağlı icra olunan aktiv məşğulluq proqramları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
Mediatur zamanı media nümayəndələri əvvəlcə Vətən müharibəsi iştirakçısı olan Laçın rayon sakini Şahin İsgəndərov üçün özünüməşğulluq proqramı vasitəsilə yaradılmış arıçılıq təsərrüfatı və digər Vətən müharibəsi iştirakçısı Azər Qarayevin avtotəmizləmə xidməti sahəsi ilə tanış olublar.
Daha sonra jurnalistlər müharibə veteranı ailə üzvləri — Ramin Həsənov üçün qurulmuş dönərxana, həmçinin Elvin Aslanzadə üçün yaradılmış kişi bərbərxanasının fəaliyyətinə baş çəkiblər.
Proqram iştirakçıları göstərilən dövlət dəstəyi sayəsində doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini vurğulayıblar.





Bizim.Media


































































































