Tərcüməçilərin işi TƏHLÜKƏDƏ – Süni intellekt onları sıradan ÇIXARIR?

Hazırda oxunan: Tərcüməçilərin işi TƏHLÜKƏDƏ – Süni intellekt onları sıradan ÇIXARIR?

628351

Süni intellekt texnologiyalarının sürətlə inkişafı bir çox peşələr kimi tərcümə sahəsinə də təsirsiz ötüşməyib. Artıq mətnlərin qısa müddətdə müxtəlif dillərə çevrilməsi mümkün olduğundan, bir çoxları tərcümə üçün süni intellekt platformalarına üz tutur. Bir vaxtlar saatlar, hətta günlərlə vaxt aparan tərcümələr artıq bir neçə dəqiqə ərzində hazır olur.

Bəs bu yenilik peşəkar tərcüməçilərin işinə necə təsir edib? Tərcümə mərkəzlərinə müraciətlərin sayı azalıbmı?

Süni intellektin tərcümə sahəsinə təsiri ilə bağlı Bizim.Media-nın suallarını xarici dillərdən çoxsaylı kitab və bədii əsərləri Azərbaycan dilində nəşr edən "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu cavablandırıb.

Naşir bildirib ki, tədricən tərcümələri süni intellekt vasitəsi ilə etməyə çalışırıq:

"Biz artıq uzun müddətdir ki, süni intellektin tərcümə sahəsinə təsiri və bu sahədə istifadəsi ilə bağlı araşdırmalar aparırıq, müxtəlif seminarlarda iştirak edir, kitab sərgilərində mütəxəssislərin rəylərini öyrənirik. Tərcümədə süni intellektdən istifadə etməyə çalışırıq. Ancaq burada vacib bir məqam var. Dil bilmədən süni intellektdən səmərəli istifadə etmək mümkün deyil. Əgər ingilis dilindən tərcümə edirsinizsə və bu sahədə təcrübəniz varsa, süni intellekt sizin işinizi daha da asanlaşdıra və sürətləndirə bilər. Bunun üçün süni intellektə düzgün tapşırıqlar vermək, həmçinin məqsədinizə uyğun platformanı seçmək lazımdır. Bu halda daha keyfiyyətli nəticə əldə etmək mümkündür”.

Onun sözlərinə görə, süni intellektdən düzgün istifadə etməkdə fayda var:

“Bəzən deyirlər ki, hansısa tərcümə süni intellekt vasitəsilə hazırlanıb və bunu mənfi hal kimi qiymətləndirirlər. Bu, yanlışdır. Süni intellekt artıq həyatımızın bir hissəsinə çevrilib və biz onun imkanlarından düzgün şəkildə faydalanmağı bacarmalıyıq. O, bir çox sahədə olduğu kimi, tərcümədə də yaxşı köməkçidir. Əsas məsələ ondan sui-istifadə etməmək, əksinə, imkanlarından yerində yararlanmaqdır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin