Azərbaycan qanunvericiliyinə əsasən, pensiya hüququ olan ər və ya arvaddan biri vəfat etdikdə, sağ qalan həyat yoldaşı müəyyən şərtlər daxilində öz pensiyasından imtina edərək vəfat etmiş həyat yoldaşının əmək pensiyasını ala bilər. Bu halda vətəndaş iki təqaüd arasından daha sərfəli pensiyanı seçmək hüququna malik olur.
Bəs təqaüdçü arvad (ər) ölən ərinin (arvadının) təqaüdünü almaq üçün hara müraciət etməlidir? Yəni bu proses necədir?
Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyə görə vəfat etmiş və ya həlak olmuş şəxslərin ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var.
Bu hüquq 18 yaşına çatmamış övladlara, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşdan yuxarı əlilliyi olan övladlara, əyani şöbədə təhsil alan və 23 yaşına qədər olan övladlara, həmçinin 65 yaşına çatmış və ya orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata, ana, ər və arvada şamil edilir.
Bundan başqa, vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə baxan və işləməyən yaşından asılı və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri vı ya ər (arvad), baba, nənə, qardaş və ya bacı da qanunvericilikdə nəzərdə tutulan hallarda bu pensiyanı almaq hüququna malikdir.
Fondun məlumatına görə, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət zamanı əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti, ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti, ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı, vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı övladının (övladlarının) əlilliyinin, habelə atasının, anasının, arvadının, ərinin orqanizminin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış, vəfat etmiş ailə başçısının sığorta stajına dair sənədlərin (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı, 01.01.2006-cı il tarixinədək bitmiş əyani təhsillə bağlı sənədi, hərbi bileti – (varsa)) surəti, ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə arayış təqdim edilməlidir.
Qeyd olunub ki, vətəndaşlar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri DOST mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Fondunun qəbul şöbələrinə təqdim edə bilərlər.
Günay Şahmar, Bizim.Media





































































































