Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi yaxınlaşdıqca, builki qəbul prosesində hansı ixtisaslarda plan yerlərinin boş qalacağı da maraq doğuran məsələlərdən biridir.
Ekspertlər hesab edirlər ki, əmək bazarında tələbatın aşağı olduğu sahələrdə plan yerlərinin dolması hər il olduğu kimi, bu il də çətin olacaq. Eyni vəziyyət magistratura səviyyəsində də müşahidə edilir.
Bizim.Media xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi modern.az-a açıqlamasında bildirib ki, bakalavriat səviyyəsində ən çox boş qalacaq ixtisaslar əsasən əmək bazarında tələbatın aşağı olduğu istiqamətlərdir.
Onun sözlərinə görə, əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə plan yerləri ilk seçim turunda demək olar ki, tam dolacaq:
"Əmək bazarında tələbatı yüksək olan ixtisaslar, demək olar ki, ilk turda ən azı 98-99 faiz dolacaq. Bunun əsas səbəbi odur ki, hazırkı əmək bazarının tələbinə uyğun olan tibb, səhiyyə, iqtisadiyyat, pedaqoji və texniki istiqamətlər üzrə mütəxəssislərə ehtiyac daha çoxdur. Buna görə də həmin ixtisaslar üzrə plan yerlərinin dolması problem yaratmır".
Ekspert bildirib ki, digər istiqamətlər üzrə isə vəziyyət fərqlidir:
"Bu il bakalavriat səviyyəsində ən çox boş qalacaq plan yerləri əsasən kənd təsərrüfatı yönümlü ixtisaslar, maşın mühəndisliyi, texnologiya mühəndisliyi, bəzi iqtisadi ixtisaslar, akvakultura, bağçılıq və tərəvəzçilik, ekologiya, eləcə də ingilis və fransız dilləri üzrə tərcümə ixtisasları olacaq. Digər istiqamətlər üzrə isə plan yerlərinin böyük hissəsinin dolacağını gözləyirik".
Elçin Əfəndi magistratura səviyyəsində də xeyli sayda plan yerinin boş qalacağını proqnozlaşdırır. Onun sözlərinə görə, qəbul statistikası bunu deməyə əsas verir:
"Bu il magistratura müsabiqəsində 27 mindən çox namizəd iştirak edirdi. Onların təxminən 6 mini 0-40 bal aralığında nəticə göstərdiyi üçün müsabiqədən kənarda qaldı. Təxminən 21 min nəfər müsabiqədə iştirak hüququ qazansa da, onların cəmi 15 min 19 nəfəri ixtisas seçimi etdi. Halbuki magistratura üzrə 17 min 800 plan yeri ayrılmışdı. Bu isə o deməkdir ki, ilkin mərhələdə təxminən iki min plan yeri boş qalacaq. Üstəlik, düzgün seçim etməyən namizədləri də nəzərə alsaq, ikinci turda müsabiqəyə çıxarılan boş yerlərin sayı üç minə yaxın ola bilər".
Ekspert hesab edir ki, boş qalan plan yerlərinin səbəbi təkcə əmək bazarındakı tələbat deyil. Burada abituriyent və magistraturaya qəbul olmaq istəyən şəxslərin seçim meyilləri də mühüm rol oynayır:
"Bakalavrların və abituriyentlərin seçimləri ilə əmək bazarının real tələbi hər zaman üst-üstə düşmür. Bəzən namizəd topladığı balla arzuladığı ixtisasa qəbul ola bilmir, yaxud dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul imkanlarını nəzərə alaraq seçimlərini dəyişir. Belə hallarda daha populyar və əmək bazarında tələbat yüksək olan ixtisaslarda rəqabət artır, digər istiqamətlərdə isə plan yerlərinin boş qalması müşahidə olunur".
Elçin Əfəndi vurğulayıb ki, seçim zamanı əsas meyar yalnız keçid balı deyil, gələcək karyera imkanları və əmək bazarının real ehtiyacları olmalıdır. Onun fikrincə, abituriyent və magistraturaya qəbul olmaq istəyən şəxslər ilk növbədə maraq göstərdikləri sahənin perspektivini düzgün qiymətləndirməli, seçimlərini də buna uyğun formalaşdırmalıdırlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:11 / 29.07.2026
Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB
Hazırda oxunan: Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB
Hazırda oxunan: Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB
628193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































