Bəlkə də konfetlər yeganə məhsuldur ki, onun istehsal və yararlılıq tarixi barədə heç nə bilmirik. Söhbət marketlərdə rəflərə açıq şəkildə düzülən və çəki ilə satılan şirniyyat növlərindın gedir.
Halbuki qanunvericiliyə görə bütün məhsullar etiketlənməli, üzərində istehsal və yararlılıq müddəti göstərilməlidir. Amma bu günə kimi marketlərdə və hətta ən böyük ticarət şəbəkələrində konfet, eləcə də çəki ilə satılan digər şirniyatların üzərində heç bir məlumata rast gəlinmir.
Son zamanlarsa marketlərdə daha bir qəribəliklə rastlaşırıq. Məsələn rəflərə düzülən şokalad və konfetlərin üzərindəki yazılar əcnəbi dildə olur. Bu da ilk baxışdan belə təəssürat yaradır ki, həmin məhsullar xaricdən gətirilib. Amma konfet və şokaladların kağızını açıb diqqətlə baxanda məlum olur ki, üstü əcnəbi dildə yazılsa da yerli məhsuldur.
Lakin istehsalçı şirkətlər müştərini aldatmaq üçün özləri haqqında bilgini çox kiçik şriftlərlə rəngli kağızın bir küncündə yerləşdirirlər. Şriftlər çox xırda olduğu üçün də müştəri onu oxumaqda çətinlik çəkir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu ciddi araşdırmaya ehtiyacı olan məsələdir:
“Məsələn, vaxtilə Rusiyadan gətirilən “Batonçik” şokaladları ölkəmizdə xeyli populyarlıq qazandı. Bunu görən yerli işbazlar həmən hərəkətə keçdilər və hazırda marketlərdə təklif olunan “Batonçik” konfetlərinin çoxu yerli istehsaldır. Bizim tərəfimizdən də bu məsələ araşdırılıb. Rəngli konfet kağızının kənarında güclə seçiləcək şriftlərlə “Mirzəoğlu” və yaxud digər şirkətin adı yazılıb. Amma məhsulun tərkibi barədə hər hansı bir məlumata rast gəlinmir. Konfetin üzərində rus dilində yazılan adlar da alıcıları cəlb edir və çoxları həmin konfetləri Rusiya istehsalı kimi alırlar”.
Yerli istehsal niyə təşviq olunmur?
Müsahibimiz təəssüflə bildirib ki, hazırda konfet bazarında təklif olunan məhsulların ən azı 75 faizi ixrac mallarıdır:
“Yerli istehsal yaxşı təşviq olunmadığından əhali hələ də xarici konfetlərə üstünlük verir. Halbuki Azərbaycanda ən azı 10 şokalad fabriki var ki, onlar yüksək keyfiyyətli məhsullar hazırlayırlar və onların istehsalının böyük hissəsi ixrac olunur. Əhalinin xarici konfetlərə olan marağını görən bəzi xırda sexlər də müxtəlif saxtakarlıqlara gedərək istehlakçıları aldadırlar. Təəssüf ki, bu məsələdə AQTA-nın fəaliyyəti qənaətbəxş deyil. İstehlaçıların müxtəlif yollarla aldadılmasının qarşısını almaq üçün yetərli tədbirlər görülmür”.

Surxay Atakişiyev, Bizim.Media


































































































