"Yaxın günlərdə apellyasiya müraciətlərinin qəbulu başlayacaq".
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində deyib.
Onun sözlərinə görə, blok imtahanları artıq yekunlaşıb. Bir neçə gün sonra isə apellyasiya müraciətlərinin qəbulu başlayacaq. Bu proses başa çatdıqdan sonra qabiliyyət imtahanları keçiriləcək, onların da yekunlaşmasının ardından "Abituriyent" jurnalının növbəti sayı nəşr olunacaq. O əlavə edib ki, builki qəbul üzrə müsabiqə şərtləri əvvəlki illərdə olduğu kimi qalacaq.
O qeyd edib ki, ixtisas seçiminin avqustun 10-dan sonra başlaması nəzərdə tutulur. Bu mərhələdə DİM-in ixtisas seçimi üzrə ödənişsiz məlumat mərkəzlərindən istifadə etməyi tövsiyə edən V.Misirov vurğulayıb ki, gənclər gələcək peşələrini seçərkən qərarı başqalarının deyil, öz maraq və bacarıqlarına uyğun verməlidirlər. Onun sözlərinə görə, valideynlər də övladlarının seçimlərinə imkan yaratmalıdırlar.
DİM rəsmisi xatırladıb ki, sərgidə iştirak etmək istəyənlər qurumun rəsmi saytı vasitəsilə ödənişsiz qeydiyyatdan keçə bilərlər.
Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media






































































































