Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Hazırda oxunan: Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

628071

Son 10 il ərzində ümumiyyətlə tibbdə inteqrativ tibb adlanan belə bir yanaşma var. Ondan sonra funksional tibb dedilər, amma inteqrativ tibb anlayışı çox vacib bir anlayışdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, bu, gündəlik tibbi praktikada fərqli bir mədəniyyətin göstəricisidir:

“Məqsəd keçmişi və ya hər hansı bir üsulu inkar etmək deyil, həmin metodların sübuta əsaslanmış şəkildə tətbiqidir. Ənənəvi tibb dedikdə ənənəvi Çin təbabəti özünü tam sübuta yetirmiş və bir sıra xəstəliklərdə, eləcə də xəstəliklərdən əvvəlki mərhələdə effektivliyini sübuta yetirmiş bir üsuldur, tibb yanaşmasıdır. Digər ənənəvi Koreya tibbi və ənənəvi Şərq təbabəti də bu istiqamətə daxildir. Azərbaycan da onun ayrılmaz hissəsidir. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın tibb məktəbi bu məsələlərdə həmişə çox açıq olub və bu, sevindirici bir haldır”.

Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi bu istiqamətdə müəyyən irəliləyiş əldə edib:
 

“Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Çin Xalq Respublikasının Pekin Ənənəvi Çin Təbabəti Universiteti ilə birgə Ənənəvi Çin Təbabəti diplom kursunun təşkili hazırda hazırlıq mərhələsindədir. Kurs ingilis dilində olacaq və nəinki azərbaycanlı həkimlər üçün, həmçinin regiondan və beynəlxalq səviyyədən gələn xarici həkimlər üçün də açıq olacaq. Müddəti bir və ya iki il ola bilər”.


Nazirin sözlərinə görə, eyni yanaşma ənənəvi Koreya təbabəti ilə bağlı da tətbiq olunacaq:

“Hazırda aidiyyəti Koreya rəsmi qurumları ilə danışıqlar aparılır və qısa müddətdə bu proqram da Azərbaycanda tətbiq olunacaq. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən və bu sahəyə marağı olan ailə həkimləri, baza tibb təhsili olan insanlar və istənilən tibb ixtisasının daşıyıcıları üçün maraqlı olan bu kurslar onların gündəlik praktikalarında tətbiq etdikləri metodları daha da zənginləşdirəcək, seçim imkanlarını genişləndirəcək və vətəndaşlarımız üçün də müxtəlif üsulların tətbiqi ilə bağlı fərqli imkanlar yaradacaq.

Bu, daha çox reabilitasiya, xroniki xəstəliklər, xroniki ağrılar və digər istiqamətlərdə geniş və effektiv tətbiq olunan müalicə üsullarıdır. Fitoterapiya da bura daxildir, yəni müalicəvi otlarla müalicə metodlarıdır.
 

Bu, kompleks yanaşmadır. Bunu inkar etmək düzgün deyil. Əhalinin də buna meyli və marağı var. Ən azından ziyan gətirməsin deyə, bu metodların tətbiqi ilə məhz tibbi diplomu olan insanlar məşğul olmalıdır. Tibb təhsili alıb, istənilən tibb ixtisasına yiyələnən insanlar üçün bu, onların fəaliyyətini gücləndirən amillərdən biri olsun.


Azərbaycanda bizim öz mütəxəssislərimiz də var, müəyyən bir məktəb formalaşıb. İstər özəl sektorda, istərsə də dövlət sektorunda fəaliyyət göstərən mütəxəssislər var. Düşünürük ki, onların da bu prosesə cəlb edilməsi bizim yerli ənənəvi tibb məktəbinin yeni müstəviyə qaldırılmasına imkan verəcək”.

O əlavə edib ki, səs-küy onun mahiyyətindən daha çox idi, amma hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil:

“Səhiyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini əsas götürərək yeni təşəbbüslə çıxış etdi. Bu yaxınlarda bildiyiniz kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi.

Həmin dəyişikliklərə əsasən artıq beş ildən bir keçirilən imtahanla yanaşı, hər bir həkim və ya tibb işçisi seçim edə biləcək. Onlar beş il ərzində Davamlı Peşəkar İnkişaf proqramı üzrə ümumilikdə 250 kredit balından az olmayaraq toplamaqla da həmin sertifikatı əldə edə biləcəklər”, - deyə T.Musayev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin