Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Hazırda oxunan: Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

628042

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan Samir Tağızadə Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.

Bizim.Media xəbər verir ki, abituriyent AZƏRTAC-a müsahibəsində uğurunun sirrindən, təhsillə bağlı planlarından danışıb.

O bildirib ki, yüksək nəticə əldə etmək üçün təkcə çox çalışmaq kifayət etmir:

“Yüksək nəticə əldə etmək üçün şagirdlər həm düzgün istiqamətdə çalışmalı, həm də vaxt bölgüsünü düzgün aparmalıdırlar. Düşünürəm ki, hazırlıq prosesində istirahətə də kifayət qədər vaxt ayırmaq vacibdir. Bu, insanın həm motivasiyasını, həm də məhsuldarlığını qoruyur”.

Müsahibimizin sözlərinə görə, uğur qazanmasında ailəsinin, müəllimlərinin və yaxınlarının xüsusi rolu olub. O qeyd edib ki, məktəb illərində müxtəlif bilik yarışlarında və müsabiqələrdə iştirak edib. Samir Tağızadə respublika fənn olimpiadasında fizika üzrə qaliblər sırasında yer aldığını, həmçinin “Əlaçı” televiziya müsabiqəsinin qalibi olduğunu diqqətə çatdırıb.

İmtahan prosesi ilə bağlı fikirlərini bölüşən müsahibimiz bildirib ki, qəbul imtahanının ikinci cəhdi onun üçün daha rahat keçib:

“Buraxılış imtahanında bəzi suallar vaxt baxımından müəyyən çətinlik yaradırdı. Qəbul imtahanının ikinci cəhdində isə vaxtı daha rahat idarə etmək mümkün oldu və bu da nəticəyə müsbət təsir göstərdi”.

Təhsillə bağlı planlarından danışan müsahibimiz Azərbaycan Tibb Universitetində təhsil almaq istədiyini söyləyib.

“Azərbaycan Tibb Universitetində təhsil almağı planlaşdırıram. Daha sonra xaricdə təhsilimi davam etdirmək və peşəkar həkim kimi fəaliyyət göstərmək istəyirəm”, – deyə o vurğulayıb.

Samir Tağızadə dərslərdən kənar vaxtlarında rəsm çəkməyi, kitab oxumağı və filmlərə baxmağı sevdiyini bildirib. Onun sözlərinə görə, bu məşğuliyyət hazırlıq prosesində dincəlməsinə və motivasiyasını qorumasına kömək edib.

Müsahibimiz abituriyentlərə tövsiyəsi kimi məqsədə doğru inamla irəliləməyin vacibliyini qeyd edib:

“Ən önəmlisi özünə inanmaq, planlı şəkildə çalışmaq və vaxtı düzgün idarə etməkdir. Hər bir uğurun arxasında zəhmət dayanır”.

Qeyd edək ki, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə buraxılış və qəbul imtahanlarında ümumilikdə 700 bal toplayaraq IV ixtisas qrupu üzrə və ölkə üzrə yeganə maksimal nəticə göstərən abituriyent kimi fərqlənib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin