Müasir cizgi filmləri uşaqların nitqini LƏNGİDİR – Loqopeddən valideynlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Müasir cizgi filmləri uşaqların nitqini LƏNGİDİR – Loqopeddən valideynlərə XƏBƏRDARLIQ

628016

Son illərdə uşaqlar arasında nitq gecikməsi hallarına daha tez-tez rast gəlinir. Mütəxəssislərin sözlərinə görə, danışmağa gec başlayan və ünsiyyətdə çətinlik çəkən uşaqların sayı getdikcə artır. Bu vəziyyətin əsas səbəblərindən biri kimi texnologiyanın təsiri göstərilsə də, digər amillərin də mühüm rolu var.

Bəzi mütəxəssislər hesab edirlər ki, müasir cizgi filmləri də uşaqların nitq inkişafına mənfi təsir göstərə bilər. Belə ki, əvvəlki cizgi filmlərində personajlar arasında daha çox dialoq və qarşılıqlı ünsiyyət yer aldığı halda, müasir animasiyalarda qəhrəmanlar fikirlərini əsasən jest və mimikalar vasitəsilə ifadə edirlər. Nəticədə, bu məzmunu izləyən uşaqlarda ünsiyyət və nitq bacarıqlarının inkişafı mənfi təsirlənə bilər.

Bizim.Media loqoped Fəridə Tağıyevanın mövzuya münasibətini öyrənib.

O, bir mütəxəssis olaraq nitq gecikməsinin əsas səbəblərini açıqlayıb:

“Nitq gecikməsi müxtəlif anatomik, nevroloji, psixoloji və sosial amillərdən qaynaqlana bilər. Son illərdə uşaqlarda bu problem daha çox artıb, səbəblər arasında uşağı əhatə edən mühit daha ciddi rol oynayır. Həddindən artıq qayğı da nitqin ləngiməsinə gətirib çıxarır. Uşaq sadəcə bir işarə ilə istədiyini göstərdikdə onun yerinə yetirilməsi uşaqda danışmaq ehtiyacı yaratmır.

Həmçinin valideynlərdə ikidillilik varsa, bu da körpənin nitqinin ləgiməsinə səbəb ola bilər. Erkən yaşda uzun müddət televizor, telefon və ya planşet qarşısında vaxt keçirmək passiv qavrayış yaradır və canlı ünsiyyəti əvəz etdiyi üçün nitqi ləngidir”.

Mütəxəssis indiki cizgi filmlərin həqiqətən də nitqin inkişafına mənfi təsir etdiyini vurğulayıb:

“Erkən yaşlardan uşaq təqlidlə nitqə yiyələnir, indiki cizgi filmləri isə aydın və səlis olmayan söz yığını və ya anlaşılmaz səslərdən ibarətdir. Bu da uşaqların nitqinə təbii ki təsir edir. Çünki səlis və sadə cümlələr eşitməyən uşaq eynilə həmin nitqi təqlid edəcək”.

Müsahibimiz valideynlərə bəzi tövsiyyələr də verib: 

“Uşaqla danışarkən göz təması mütləqdir. Buna görə də uşağın boy səviyyəsində dodaqlarınızın hərəkətini izləməyə şərait yaratmaq lazımdır. Həmçinin valideynlər çox sürətli danışmamağa çalışmalıdırlar. Rəvan danışıq tempi uşaqların daha rahat təqlidi ilə nəticələnəcək.Telefon, planşet və televiziya birtərəfli kommunikasiya yaradır. Nitq isə canlı, qarşılıqlı əlaqə tələb edir. Ona görə də uşaqların saatlarla telefon və ya televizor qarşısında oturmağına imkan verməyin”.

“Uşağın səhv dediyi sözü düzəltməyin”.

“Uşağın səhv dediyi sözü düzəldib "Səhv dedin, belə de" deməyin. Əvəzində doğru formanı öz cümlənizdə təkrarlayın. Məsələn, uşaq "Aba" deyirsə, siz "Bəli, alma" deyərək düzgün modeli təqdim edin. Bol şəkilli kitablar alın birgə vərəqləyin, nəinki mətni oxumaq, şəkillərdəki əşyaları və hərəkətləri birgə müzakirə edin”, - deyə Fəridə Tağıyeva bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin