Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Hazırda oxunan: Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

628008

Yaponiyada günlərlə, həftələrlə, bəzən isə aylarla heç kimin xəbəri olmadan bir evin divarları arasında qalan ölümə kodokuşi – "tənha ölüm" deyilir. Bu termin, insanın evində təkbaşına vəfat etməsi və ölümünün uzun müddət sonra aşkar olunması hallarını ifadə edir.

Kodokuşi təkcə ölüm deyil. O, illərlə yığılan susqunluğun, qırılan ailə bağlarının, unudulmuş dostluqların acı nəticəsidir. Bu hadiəsnin fonunda Dostoyevskinin əsərlərinin qəhrəmanlarının yalnızlığını xarakterizə edən “İnsana insan lazımdır” deyimi insanın yalnız qida ilə deyil, diqqət, qayğı, ünsiyyətlə yaşadığı həqiqətini üzümüzə vurur. Bu hadisə Yaponiyada adlandırılsa da, əslində müasir dünyanın bir çox ölkəsində rast gəlinən sosial problemdir.

Azərbaycanda tənha yaşayan yaşlı insanların, ailəsindən uzaq düşmüş şəxslərin evlərində vəfat etməsi, günlər sonra qonşuların qoxudan və ya təsadüf nəticəsində xəbər tutması ilə bağlı hadisələr az da olsa baş verir.

Bu halların hamısı "kodokuşi" adı ilə qeydə alınmasa da, mahiyyət etibarilə eyni sosial faciəni göstərir. Azərbaycan ailə dəyərləri ilə tanınan ölkə hesab olunur. Lakin şəhərləşmə, qonşuluq ənənələrinin itməsi, boşanmaların artması, yaşlı valideynlərin tək qalması və insanların gündəlik həyatın sürətli ritmində bir-birindən uzaqlaşması yeni sosial reallıq yaradır.

Bəs Azərbaycanda tənha ölən insanların statistikası aparılırmı? Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, statistik göstəricilər siyahısına daxil deyil.

Statistikası aparılmasa da, yuxarıda qeyd edildiyi kimi, belə hallar az da olsa var. Çox olmaması insanlardan asılıdır.

Kodokuşi uzaq Yaponiyanın deyil, insan münasibətlərinin zəiflədiyi hər cəmiyyətin xəbərdarlıq zəngidir. Bütün qapı arxasındakılar xoşbəxt deyil, unudulan, danışmaq və eşidilmək istəyən insanlar var.

Döyülən qapı, dinən telefon, qarşı tərəfə cavabı maraqlı olmasa belə verilən “necəsən” sualı insana tənha olmadığını xatırlada bilər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin