Alimlərdən xəbərdarlıq: Cəmi 90 dəqiqə az yatmaq çəkini artırır

Hazırda oxunan: Alimlərdən xəbərdarlıq: Cəmi 90 dəqiqə az yatmaq çəkini artırır

627940

Yuxu çatışmazlığı təkcə yorğunluq yaratmır, həm də artıq çəkiyə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu nəticə Annals of Internal Medicine jurnalında dərc olunan yeni araşdırmada öz əksini tapıb.

Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzinin alimləri ürək-damar və metabolik xəstəliklər riski yüksək olan 95 yetkin iştirakçını altı həftə ərzində müşahidə ediblər. Təcrübə zamanı iştirakçılar gecə yuxusunu hər gün cəmi 90 dəqiqə azaldıblar.

Araşdırmanın nəticələrinə görə, altı həftənin sonunda iştirakçılar orta hesabla 0,45 kiloqram çəki yığıblar. Həmçinin onların bel çevrəsində cüzi artım qeydə alınıb.

Müşahidələr göstərib ki, iştirakçılar daha çox oturaq həyat tərzi keçiriblər. Bununla belə, onların adi fiziki aktivlik səviyyəsində ciddi azalma müşahidə olunmayıb.

Alimlər bədən yağının və əzələ kütləsinin nisbətində nəzərəçarpacaq dəyişiklik aşkar etməyiblər. Tədqiqat zamanı iştirakçıların qidalanma rejimi izlənilmədiyi üçün çəki artımının dəqiq səbəbi hələ müəyyən edilməyib.

Araşdırmada iştirak etməyən ginekoloq Somi Cavid bildirib ki, yuxu maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır:

"Xroniki yuxusuzluq sadəcə pis vərdiş deyil. Yuxuya sağlamlığın əsas göstəricilərindən biri kimi yanaşmaq lazımdır".

Həkimin sözlərinə görə, menopauza dövründə olan qadınlar xüsusilə risk altındadır. Bu dövrdə həm yuxu pozğunluqları artır, həm də maddələr mübadiləsi zəifləyir.

Qeyd edək ki, Amerika Ürək Assosiasiyası yuxunu sağlamlığın səkkiz əsas göstəricisindən biri hesab edir və böyüklərə hər gecə 7-9 saat yatmağı tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin