Dövlət Məşğulluq Agentliyi Türkiyədə baxıcı vakansiyası üzrə müraciətləri qəbul edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Türkiyə Respublikasındakı xüsusi qulluq mərkəzlərində (“Bakım Evleri”) baxıcı vəzifəsi üzrə işə qəbul prosesinə başlayıb.
Vakansiya üzrə seçiləcək şəxslər Türkiyədə fəaliyyət göstərən xüsusi qulluq mərkəzlərində əlilliyi olan şəxslərə, eləcə də daimi qulluğa və reabilitasiyaya ehtiyacı olan yaşlı şəxslərə peşəkar xidmət göstərəcəklər. İşçilər xidmət alan şəxslərin gündəlik ehtiyaclarının qarşılanmasına kömək edəcək, fərdi qayğı planına uyğun olaraq qulluq göstərəcəklər.
İş xüsusiyyəti stasionar formada həyata keçiriləcək. Yəni işə qəbul olunan şəxslər həmin mərkəzlərdə qalaraq fəaliyyət göstərəcəklər. Vakansiya üzrə əməkhaqqı Türkiyədə müəyyən edilmiş minimum əməkhaqqından aşağı olmamaq şərti ilə təyin olunacaq. Bundan əlavə, işəgötürən tərəfindən işçilərin aviabilet, viza rüsumu, yaşayış və qidalanma xərcləri tam şəkildə qarşılanacaq.
Namizədlərdən əsas tələblər aşağıdakılardır:
əlilliyi olan və yaşlı şəxslərin şəxsi qulluq ehtiyaclarını təmin etmək;
xidmət alan şəxslərə fərdi qayğı planına uyğun dəstək göstərmək;
onların təhlükəsizliyini qorumaq və zərər vura biləcək davranışların qarşısının alınması istiqamətində tədbirlər görmək;
zəruri hallarda aidiyyəti məsul şəxsləri məlumatlandırmaq.
Dövlət Məşğulluq Agentliyi Türkiyədə rəsmi və sosial təminatlı iş imkanından yararlanmaq istəyən uyğun namizədləri müraciət etməyə dəvət edir.
Vakansiya üzrə müraciətlər elektron qaydada qəbul edilir. Son müraciət tarixi 27 avqust 2026-cı ildir.

Bizim.Media

































































































