İnsan ömrünün SON HƏDDİ açıqlandı

Hazırda oxunan: İnsan ömrünün SON HƏDDİ açıqlandı

627343

Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılması mümkün olmayan bioloji hədd yaradır.

Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutu tərəfindən aparılan tədqiqat "Əbədi yaşamaq mümkündürmü?" sualına yeni baxış təqdim edir. Araşdırmaya görə, yaşlanma ilə əlaqəli bütün xəstəliklər aradan qaldırılsa belə, insan orqanizmi müəyyən nöqtədən sonra fəaliyyətini davam etdirə bilməyəcək.
 

Kompüter simulyasiyalarına əsaslanan model göstərir ki, orqanizmdə bütün bioloji aşınmaların qarşısı alınsa belə, hüceyrələrdə yığılan somatik DNT mutasiyaları zamanla orqanların fəaliyyətini pozacaq. Bu ssenaridə insan ömrünün nəzəri maksimum həddi 150-190 il arasında qiymətləndirilir.


Tədqiqat müəllifləri bildirirlər ki, qocalmanın əsas amillərindən biri orqanların hüceyrə yenilənmə qabiliyyətidir. Qaraciyər və dəri kimi toxumalar zədələnmiş hüceyrələri daim yeniləyə bildiyi halda, ürək və beyin hüceyrələri, demək olar ki, bərpa olunmur. Nəticədə bu hüceyrələrdə DNT zədələri illər boyu toplanaraq, orqanların funksiyasını zəiflədir və insan ömrünün təbii həddini müəyyənləşdirir.

Alimlər vurğulayırlar ki, əldə olunan nəticələr qəti proqnoz deyil, qocalma mexanizmini izah edən riyazi modelə əsaslanır.

Onların sözlərinə görə, insanların hazırda bu nəzəri həddən xeyli az yaşaması DNT mutasiyalarının qocalmanın yeganə səbəbi olmadığını, prosesdə başqa bioloji amillərin də mühüm rol oynadığını göstərir.

Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəyin tibbi araşdırmaları ömrü sonsuz uzatmağa deyil, insanların yaşlılıq dövrünü daha sağlam, aktiv və yüksək həyat keyfiyyəti ilə keçirməsinə yönəlməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin