Bakı Beynəlxalq Avtovağzalının Bakı-Lənkəran istiqaməti üzrə həyata keçirilən reysi ilə bağlı redaksiyamıza sərnişinlər tərəfindən şikayət daxil olub.
Sərnişinlərin bildirdiyinə görə, iyulun 23-də saat 09:00-da Bakıdan Lənkərana yola düşən avtobusda səfərin əvvəlindən etibarən kondisioner və havalandırma sistemi işlək vəziyyətdə olmayıb.
Xüsusilə yay ayında və uzunmüddətli marşrutda belə şəraitdə hərəkət etmək olduqca çətin olub və avtobusun salonunda temperatur yüksəlib.
Sərnişinlər qeyd edirlər ki, yol boyu yaranmış narahatlıqla bağlı dəfələrlə avtobus sürücüsünə və məsul şəxslərə müraciət etsələr də, problem aradan qaldırılmayıb. Nəticədə, Bakıdan Lənkərana qədər davam edən təxminən 250 kilometrlik məsafə ərzində sərnişinlər isti və havasız şəraitdə yol getməli olublar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən reyslə bağlı müvafiq araşdırma aparılacaq:
“Hər hansı texniki nasazlığın olub-olmadığı və ya kondisionerin hansı səbəbdən işlək vəziyyətdə olmaması müəyyən edildikdən sonra daşıyıcı ilə müvafiq iş görüləcək. Daşıyıcıya kondisionerin saz vəziyyətdə saxlanılması ilə bağlı xəbərdarlıq ediləcək”.
Açıqlamada o da qeyd edilib ki, hər il yay mövsümü başlamazdan əvvəl agentlik tərəfindən müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilir.
“Bununla bağlı məsələ tərəfimizdən diqqətdə saxlanılır. Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir. Lakin hər hansı avtobusun kondisioner sistemində texniki nasazlıq yarana bilir. Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı tədbir görülməsi barədə daşıyıcıya xəbərdarlıq edilir”.
Nəzrin Mirzəyeva, Bizim.Media





































































































