Üçüncü ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanıb.
Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, ümumi balı azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə azı 100 olan abituriyentlər iyulun 24-dən 27-dək (saat 23:59-dək) DİM-in internet səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyaya aid olan və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur.
Həmin bölmənin 4-cü bəndində göstərilən kateqoriyaya aid olan abituriyentlərin isə hamısı qabiliyyət imtahanında dövlət hesabına iştirak edəcək.
Digər abituriyentlər qeydiyyat üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesaba əlavə etməlidirlər. Qabiliyyət imtahanında iştirakçılar təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirəcəklər.
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək. Bu ildən etibarən inşalar elektron formada yazılacaq. Yeniliyin abituriyentlərə fikirlərini daha oxunaqlı və səliqəli şəkildə təqdim etmək, mətni zərurət yarandıqda rahat redaktə etmək və ayrılan vaxtdan daha səmərəli istifadə etmək imkanı yaradacağı qeyd olunur.
Qeyd olunub ki, bu dəyişiklik qiymətləndirmə prosesinin daha effektiv təşkilinə, əl yazısının oxunması ilə bağlı çətinliklərin aradan qaldırılmasına və qiymətləndiricilərin diqqətini işin məzmununa yönəltməsinə şərait yaradacaq.
Həmçinin imtahanın müddəti 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsi üçün abituriyentlərə 3 saat vaxt veriləcək.
Qabiliyyət imtahanı mərhələsini uğurla başa vuran abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.
Abituriyentlərə təqdim olunacaq inşa mövzuları və esse yazısına dair tələblərlə DİM-in rəsmi internet səhifəsində Azərbaycan və rus dillərində tanış olmaq mümkündür.
Bizim.Media



































































































