Xəbər verildiyi kimi, Şamaxı-Göylər-Padarçöl-Hacıqabul avtomobil yolunun Göylər qəsəbəsi ərazisindən keçən hissəsi bir neçə yerdən çöküb. Avtomobil yolunun bir hissəsi tam yararsız vəziyyətə düşüb və hərəkət çətinləşib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən avtomobil yolunun ayrı-ayrı hissələrində təbii aşınma prosesləri və nəqliyyat vasitələrinin uzunmüddətli istismarı nəticəsində yol örtüyündə lokal deformasiyalar müşahidə olunub:
"Hazırda sözügedən avtomobil yolu hərəkət üçün yararlıdır və nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur. Yolda hərəkətin məhdudlaşdırılmasını və ya dayandırılmasını tələb edən hər hansı vəziyyət mövcud deyil.
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə avtomobil yollarının saxlanılması və istismarı üzrə qüvvədə olan normativ-texniki tələblərə uyğun olaraq, yola baxış keçirilmiş, mövcud vəziyyət qiymətləndirilmiş və dövri (cari) təmir işlərinin həyata keçirilməsi məqsədilə müvafiq texniki sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.
Açıqlamada o da bildirilib ki, müvafiq qaydada maliyyə vəsaiti ayrıldıqdan sonra həmin hissələrdə dövri təmir işlərinin icrasına başlanılacaq.
Qeyd edək ki, Şamaxı- Göylər-Padarçöl yolu 2017-ci ildə əsaslı təmir olunub. Həmçinin 2019-cu ildə yenidən yararsız vəziyyətə düşüb və təmir işləri aparılıb.
Nəzrin Mirzəyeva, Bizim.Media
































































































