Çevik iş rejimi GƏLİR – Yeni model nələri dəyişəcək?

Hazırda oxunan: Çevik iş rejimi GƏLİR – Yeni model nələri dəyişəcək?

626642

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"na əsasən, Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır.

Tədbirlər Planına əsasən, ilkin nəticə olaraq, çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübənin araşdırılması, aralıq nəticə kimi çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi, son nəticədə isə çevik iş rejimi modellərinin tətbiq edilməsi hədəflənir.

Bəs çevik iş vaxtı rejiminin tətbiqi hansı yeniliklərə səbəb olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmək münasibətləri üzrə mütəxəssis Ağamusa Səfiyev bildirir ki, bu plan əmək bazarında ən mühüm alətlərdən biri hesab olunur.

Onun sözlərinə görə, Prezidentin təsdiq etdiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində beynəlxalq təcrübə nəzərə alınmaqla çevik iş rejimi modellərinin hazırlanması nəzərdə tutulur və bu, hələ qanun deyil. Söhbət yalnız Əmək Məcəlləsində bununla bağlı dəyişikliklərin hazırlanmasından gedir.

Yəni, bu, rəsmi elan və islahat prosesinin başlanğıcıdır.

Ekspert əlavə edib ki, bu model həm işəgötürənlərə, həm də işçilərə daha çevik əmək münasibətləri qurmağa imkan verir, iş və şəxsi həyat arasında balansın qorunmasına kömək edir, əmək məhsuldarlığını artırır və müxtəlif sosial qrupların, xüsusilə azyaşlı uşağı olan valideynlərin, əlilliyi olan şəxslərin və tələbələrin əmək bazarına inteqrasiyasını asanlaşdırır.

Ekspert qeyd edib ki, dünya təcrübəsində çevik iş rejimi məşğulluğun artırılması və müasir əmək bazarının tələblərinə uyğunlaşmaq baxımından səmərəli mexanizmlərdən biri kimi qəbul edilir.

Bəs bu rejimin tətbiqi nəticəsində işçilərin əməkhaqqında hər hansı dəyişiklik edilə bilərmi?

Ağamusa Səfiyev vurğulayır ki, çevik iş rejimi əməyin təşkilinin yeni modeli kimi qəbul edilməlidir:

“İşçi tam iş vaxtını yerinə yetirirsə və vəzifə öhdəliklərini əvvəlki səviyyədə icra edirsə, onun əməkhaqqının azalması üçün əsas olmamalıdır. Əksinə, düzgün tətbiq olunan çevik iş modeli məhsuldarlığın və işçi məmnunluğunun artmasına xidmət edə bilər”- deyə ekspert qeyd edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin