Rənglər insanın emosional vəziyyətinə, həyəcan səviyyəsinə, eləcə də ətraf aləmi qavramasına ciddi təsir göstərə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "AKSONA" psixi sağlamlıq klinikasının klinik psixoloqu, ali dərəcəli Koqnitiv-Davranış Terapiyası üzrə terapevt Anjelika Yeremenko məlumat verib.
Ekspertin sözlərinə görə, rənglər insanın emosional vəziyyətini idarə etmək üçün güclü bir alətdir. Bu məsələdə çalarların dolğunluq (parlaqlıq) dərəcəsi mühüm rol oynayır, obyektin forması isə hisslərə heç bir təsir göstərmir.
Psixoloq izah edib ki, isti tonların orta parlaqlığı insanda sevinc hissi oyada bildiyi halda, eyni rəngin həddindən artıq parlaq və tünd çaları qıcıqlanmaya səbəb ola bilər.
Eyni zamanda, hər bir rəngin özünəməxsus təkamül və psixoloji kodu var. Məsələn, qırmızı rəng enerji və təhlükə ilə assosiasiya olunur, buna görə də qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Mavi rəng isə psixikanı sakitləşdirir və məhsuldarlığı artırır.
Mütəxəssis əlavə edib ki, yaşıl rəng harmoniya əldə etməyə kömək edən neytral rəngdir. Sarı isə istilik və nikbinlik rəmzidir. Lakin psixoloq xəbərdarlıq edib ki, sarı rəngin həddindən artıq çox olması insanda təşviş yarada bilər.
"İş mühiti üçün mavi və ya yaşıl rəngləri seçin — onlar diqqəti toplamağa kömək edir və stresi azaldır. İstirahət üçün isə solğun tonlara, yumşaq mavi, yaşıl və neytral çalarlara üstünlük verin", — deyə ekspert tövsiyə edib.
Bizim.Media

































































































