Dövlət Turizm Agentliyi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Novxanı və Corat qəsəbələri ərazisindəki çimərliklərdə iməcilik keçirib.
Bizim.Media xəbər verir ki, ərazi məişət tullantılarından təmizlənib, abadlıq işləri görülüb.
Agentlik tərəfindən cari ildə qəsəbələrdə hər birinin ərazisi 3 hektar olmaqla, ümumilikdə 12 hektar sahəni əhatə edən 4 ictimai çimərlik yaradılıb.
Bu ictimai çimərliklərdə istirahət üçün şərait yaradılıb. Belə ki, çimərliklərdə avtodayanacaqlardan, duş kabinələrdən, sanitar qovşaqlardan, uşaq-əyləncə meydançalarından, futbol və voleybol meydanlarından yararlanmaq ödənişsizdir.
Vətəndaşlar ictimai çimərliklərdə yalnız stol-stul və jezlonq kirayəsi, həmçinin digər xidmətlərə görə ödəniş edəcəklər. Bu barədə məlumatlandırıcı və istiqamətverici lövhələr ictimai çimərlik ərazisində müxtəlif yerlərdə quraşdırılıb.
Bu ictimai çimərliklərdə səliqə-sahmanın, təmizliyin, keyfiyyətli xidmətin davamlı olmasının daim nəzarətdə saxlanılacağı bildirilib. (Mənbə: Real TV)
Bizim.Media






































































































