Hər səhər dondurma yeməyin FAYDALARI

Hazırda oxunan: Hər səhər dondurma yeməyin FAYDALARI

625970

Yaponiyanın Kyorin Universitetinin alimləri emosional tükənmə və xroniki yorğunluqla mübarizə üçün maraqlı nəticəyə gəliblər. Onların araşdırmasına görə, səhər saatlarında az miqdarda dondurma yemək stressdən yorulmuş sinir sistemini qısa müddətdə aktivləşdirə və insanın özünü daha gümrah hiss etməsinə kömək edə bilər.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, tədqiqat zamanı alimlər səhər yeməyinə dondurma ilə başlayan insanların zehni göstəricilərini adi səhər yeməyi yeyən iştirakçılarla müqayisə ediblər.

Kompüter testləri göstərib ki, dondurma yeyənlərin reaksiya sürəti artıb, diqqəti cəmləmək qabiliyyəti yaxşılaşıb və onlar özlərini daha az yorğun və əsəbi hiss etdiklərini bildiriblər.
 

Mütəxəssislər hesab edirlər ki, soyuq qidanın yaratdığı təsir beyində sakit ayıqlığa cavabdeh olan alfa dalğalarını aktivləşdirir. Bununla yanaşı, dopamin hormonunun ifrazı da artır və bu da insanın əhvalının yüksəlməsinə, enerjili hiss etməsinə səbəb olur.


Bununla belə, Harvard Universitetinin mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu nəticələr hər gün mağaza dondurması yemək üçün əsas sayılmamalıdır. Onların sözlərinə görə, sənaye üsulu ilə hazırlanan dondurmaların əksəriyyətində çoxlu şəkər, doymuş yağ və yüksək kalori var.

Belə məhsulların tez-tez qəbulu qanda şəkərin sürətlə yüksəlib enməsinə, ürək-damar sisteminə əlavə yük düşməsinə və maddələr mübadiləsinin pozulması riskinin artmasına səbəb ola bilər.

Alimlər sağlam alternativ kimi evdə hazırlanmış meyvəli dondurmanı tövsiyə edirlər. Bunun üçün üç yetişmiş banan, 250 qram çiyələk, 75 millilitr süd, bir neçə ədəd peçenye və bir ovuc badam ləpəsi kifayətdir.

Hazırlamaq üçün əvvəlcə çiyələkləri yuyub təmizləmək, bananları isə doğramaq lazımdır. Bəzək üçün bir neçə çiyələyi ayırdıqdan sonra meyvələr bir sutka dondurucuda saxlanılır.

Daha sonra dondurulmuş banan və çiyələk süd ilə birlikdə blenderdə hamar kütlə alınana qədər qarışdırılır. Hazır qarışıq stəkanlara bölünərək bir saat da dondurucuda saxlanılır. Servis zamanı üzərinə təzə çiyələk və yüngül qovrulmuş badam ləpələri əlavə edilir. İstəyə görə yanında peçenye də təqdim etmək olar. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin