Yas süfrəsinin gizli təhlükəsi: Lavaş necə ölümcül riskə çevrilə bilər?

Hazırda oxunan: Yas süfrəsinin gizli təhlükəsi: Lavaş necə ölümcül riskə çevrilə bilər?

625825

Son günlər Gəncə şəhəri və Samux rayonunda baş verən, onlarla insanın zəhərlənməsi ilə nəticələnən hadisələr qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırmalar yas mərasimlərində istehlak olunan lavaşın zəhərlənmənin əsas səbəbi ola biləcəyini göstərir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, hər üç mərasimdə istifadə olunan lavaşların qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarıldığı müəyyən edilib və hazırda məhsullardan götürülən nümunələr laboratoriyada araşdırılır.

Bəs lavaş kimi gündəlik istehlak etdiyimiz məhsullar hansı hallarda sağlamlıq üçün təhlükəyə çevrilə bilər? Yay aylarında yüksək temperatur çörək və lavaş məhsullarında mikrobioloji riskləri artırırmı?

Vətəndaşlar çörək və lavaşı alarkən nələrə diqqət yetirməlidirlər? Kütləvi mərasimlər - yas, toy və ehsan süfrələrində qida zəhərlənmələrinin daha çox baş verməsinin əsas səbəbləri hansılardır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, çörəyin, ümumiyyətlə lavaşın riskli qida hesab olunma məsələsi bir qədər sual altındadır:

"Çünki lavaş riskli qida hesab olunmur. Burada müştərilərin və yaxud vətəndaşların kütləvi zəhərlənməsi, xüsusilə toy və yas mərasimləri zamanı mərasim evində və ya marketdən alınan lavaşdan zəhərlənmə halları, əsasən məhsulun saxlanma qaydalarından asılı ola bilər. Çarpaz çirklənmə və mikrobioloji çirklənmə baş verdiyi zaman məhsul müəyyən fəsadlara səbəb ola bilər.
 

Həmçinin saxlama şəraiti düzgün olmadıqda da məhsul problem yarada bilər. Digər qida məhsulları ilə birlikdə düzgün şəraitdə saxlanılmadıqda zəhərlənmə riski artır. Bu zaman, təbii ki, çarpaz çirklənmə baş verə bilər. Bir digər məsələ isə sudur. Əgər təmiz sudan istifadə edilməzsə, çirklənmiş və ya normativlərə uyğun olmayan sudan istifadə olunarsa, xəmir yoğrularkən lavaş müəyyən zəhərlənmə hallarına səbəb ola bilər".


İlkin Şirinov onu da vurğulayıb ki, bəzən alınan məhsulların üzərində etiket məlumatları olmur, istehsalçı şirkətin adı göstərilmir, istehsal və qablaşdırma tarixləri qeyd edilmir.

Bundan əlavə, antisanitar şəraitdə, sanitar-gigiyenik normalara əməl olunmadan müxtəlif sexlərdə, ev şəraitində və zirzəmilərdə hazırlanan bu cür qidalar, təbii ki, zəhərlənməyə səbəb ola bilər və insanların sağlamlığını ciddi risk altına qoya bilər:

"Burada vurğulamaq istədiyim digər mühüm məqam isə budur ki, bildiyimiz kimi, lavaşlar əvvəlcə sac üzərində və ya xüsusi bişirmə sobalarında hazırlanır. Onlar əvvəlcə quru halda olur və xüsusi saxlama otaqlarında saxlanılır. Əgər həmin otaqlarda dezinfeksiya işləri vaxtında aparılıbsa, gəmirici və həşəratlar yoxdursa, belə lavaşlar təhlükəsiz hesab olunur. Lakin bəzən saxlama yerlərində gəmiricilərin olması və bu məhsulları çirkləndirməsi gələcəkdə həmin lavaşdan istifadə edən alıcılar və istehlakçılar üçün sağlamlıq riski yarada bilər.

Bəzən isə paketləndikdən sonra lavaşlarda müxtəlif kiflər müşahidə olunur, müxtəlif həşəratlar gözə dəyir və ya gəmiricilərlə təmas baş verir. Bütün bunlar da zəhərlənməyə səbəb ola bilər.
Ümumiyyətlə, gigiyenik baxımdan antisanitar şəraitdə saxlanılan istənilən qida məhsulu istehlakçıların və müştərilərin sağlamlığının itirilməsi, eləcə də zəhərlənmə halları ilə nəticələnə bilər.

Ona görə də tövsiyə olunur ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq tələblərinə uyğun istehsal olunmayan, markalanması olmayan və xüsusi icazə olmadan satışa çıxarılan məhsullar alınaraq istifadə edilməsin.

Belə məhsullar insanlar üçün ciddi risk təşkil edir".

Xatırladaq ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin