Xəbər verdiyimiz kimi, "TikTok"un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan hazırda Azərbaycanın "TikTok" platforması üzrə 7 milyon istifadəçisi olduğunu açıqlayıb. Görünür ki, bu platformanın əhatə dairəsi əhalinin təxminən 70 faizinə çatır. Bu, TikTok-u sadəcə əyləncə tətbiqi deyil, insanların gündəlik davranışına, ünsiyyətinə və hətta düşüncə tərzinə təsir edən sosial alətə çevirib.
Bəs niyə bu qədər insan məhz TikTok-u seçir?
Psixoloqların fikrincə, qısa videolar bir-birini əvəzlədiyinə görə, insanların marağı da artır. Beləliklə, informasiya axınının süətli olması, müxtəlif fəaliyyətlərin bir proqramda təklif edilməsi səbəbindən bu platforma daha çox diqqət cəlb edir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, sosial şəbəkələrdən məlumat almaq, alış-veriş və satış etmək, ünsiyyət qurmaq, əylənmək və digər müxtəlif məqsədlərlə istifadə olunur. Buna görə də istifadəçi sayının çox olması təbii haldır.

Sözügedən platformanın həddindən artıq istifadəsi cəmiyyətə necə təsir edir? F.Mehmanqızı insanlarda zehni yorğunluq, informasiya yüklənməsinə, gün ərzində işləri vaxtında çatdıra bilməməyə, nəticədə isə gərginlik və aqressiyaya səbəb ola biləcəyini vurğulayır. O, həmçinin insanların artıq uzun mətnləri oxumağa, videolar izləməyə səbrinin çatmadığını da qeyd edir.
Psixoloq Aytən Ələkbərova bu siyahıya diqqət dağınıqlığını və asosiallığı da əlavə edir.

Onun sözlərinə görə, insanların əksəriyyəti diqqət dağınıqlığından əziyyət çəkir və bu da gələcəkdə alzheimer xəstəliyi riskinin artmasına səbəb ola bilər:
“Diqqəti yayınan, fikirlərini bir nöqtəyə toplaya bilməyən insan vaxtını idarə etməkdə də çətinlik çəkə bilər. Bu, yuxu keyfiyyətinin pisləşməsinə də səbəb olur. Digər problemlərdən biri də sosial təmasların azalmasıdır. İnsan davamlı olaraq məlumat qəbul etdikdə, özünü ifadə etməkdə çətinlik çəkə, ünsiyyət bacarıqları zəifləyə bilər. Bu da müəyyən qədər asosiallaşmaya gətirib çıxarır”.
F.Mehmanqızı sosial şəbəkələrin müsbət tərəflərini də diqqətə çatdırır. Onun fikrincə, real həyatda olduğu kimi, burada da müsbət və mənfi nümunələrlə qarşılaşmaq mümkündür:
“İnsan sosial şəbəkədə daha çox hansı məzmunu izləyirsə, zamanla həmin məzmun onun düşüncəsinə və davranışlarına müəyyən təsir göstərə bilər. Bundan başqa, sosial şəbəkələrin alqoritmləri də mühüm rol oynayır. İnsan müəyyən bir mövzu ilə maraqlanırsa və onu tez-tez axtarırsa, qarşısına əsasən həmin mövzu ilə bağlı paylaşımlar çıxır. Nəticədə insanda elə təəssürat yarana bilər ki, dünyada yalnız həmin mövzu gündəmdədir”.
Psixoloq bunun fonunda hesab edir ki, sosial şəbəkələrin insana təsiri ilk növbədə onun xarakterindən, ailə dəyərlərindən, aldığı tərbiyədən və etdiyi seçimlərdən asılıdır. İnsan nəyi izləyirsə, zamanla onu paylaşmağa və həmin məzmuna uyğun davranmağa da meylli olur.
A.Ələkbərova hesab edir ki, “TikTok”da tərbiyəvi məqamları göstərən videolar da var və kimə nə uyğundursa, proqramın həmin hissəsindən istifadə edir, hətta özü üçün müəyyən dərslər çıxarmış olur:
“Şüurlu və şüursuz addımlar onsuz da insanları cəmiyyətdə qıcıq yaradacaq bir vəziyyətə gətirir. Bu gün hər hansı hadisə baş verəndə şərhlərə baxırıq. Hər kəs yazdığı şərhlə əslində öz psixoloji xüsusiyyətlərini, xarakterini və daxili vicdanını ortaya qoyur.
Buna görə də “TikTok”un psixoloji risklərindən qorunmaq üçün yazdıqlarımıza, oxuduqlarımıza, baxdıqlarımıza, izlədiklərimizə və paylaşdıqlarımıza diqqət etməliyik ki, psixoloji sarsıntılar yaşamayaq”.
Xədicə Paşayeva, Bizim.Media


































































































