Heyvan bazarları fiziki yox, birja formasında təşkil ediləcək.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
AQTA sədri bildirib ki, heyvan bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib.
"Bu bazarlarda baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmurdu. Buna görə də bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırıldı. Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir.
Gələcəkdə identifikasiya prosesi və ikinci Dövlət Proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq. Agentlikdə idxal və ixrac sahəsində rəqəmsallaşma artıq 100 faiz təmin edilib. Digər istiqamətlərdə isə rəqəmsallaşma səviyyəsi 94 faizi ötüb.
Bu proses tam başa çatdıqdan və heyvanların identifikasiyası yekunlaşdıqdan sonra məqsədimiz odur ki, heyvanların A məntəqəsindən B məntəqəsinə daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan satış birjaları tətbiq edilsin. Belə olan halda alıcı almaq istədiyi heyvanın bütün məlumatlarını, o cümlədən identifikasiya sistemində əks olunan göstəricilərini elektron platforma üzərindən əvvəlcədən görə, qiymətləndirə və daha sonra sifarişini verə biləcək".
Bəs, heyvan bazarlarının fiziki yox, birja formasında təşkili nə qədər real və sərfəlidir?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, bütün dünya ölkələrində inkişaf trakteoriyası ənənələrə söykənir:
“İstənilən halda ənənələr vacib amildir. Azərbaycanda da min illik bazar ənənələri var. Həmin ənənələr bu gün də yaşayır. Hər kəs bəslədiyi heyvanı “mal bazarı”na çıxarıb satır, geri dönəndə isə zəruri ehtiyaclarını alır. Nəticədə insanlar təkcə heyvanını satmır, həm də zəruri ehtiyaclarını tədarük edib geri dönür və əlavə xərclərdən qurtulur. Yəni insanlar bazara təkcə satmaq üçün yox, həm də almaq üçün çıxırlar.
İndi bu ənənələri məhv edib “mal bazarı”nı digital formada təşkil etmək istəyirlər. Onlayn birja kimə lazımdır? Bir dənə quzu satmaq istəyən sadə insan hansı formada o birjada iştirak edə biləcək? Və bir quzunu satmaq üçün nə qədər gözləməli olacaq?”
Müsahibimiz onu da qeyd edib ki, “mal bazarı” digər bazarlardan fərqlənir:
“Onlayn formada bütün bunları həyata keçirmək mümkünsüzdür. Açığı bu tipli qərarların kimə fayda verəcəyini anlaya bimirəm”.
Natiq Cəfərli əlavə edib ki, AQTA-nın son zamanlar atdığı bütün addımlar sanki proseslərin çətinləşdirilməsini və qiymətlərin bahalaşdırılmasını hədəfləyib.
Surxay Atakişiyev, Bizim.Media

































































































