Yay aylarında insanların ən böyük qayğısı komfortlu istirahətdir. Lakin əksər insanların rəsmi gəlirləri bu istəyin reallaşmasına imkan vermir.
Maraqlıdır ki, bəzi banklar yeni səyahət krediti təklif edir. Aylıq 9-10 faizlə təklif olunan kreditə maraq da az deyil.
Bəs kreditlə turist səfərinə getmək nə qədər sərfəlidir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, cəmiyyətimizdə kreditə qarşı münasibət birmənalı deyil:
“Əksəriyyət kredit götürməyi özünü problemə salmaq kimi düşünür. Halbuki kredit sağlam maliyyə alətidir. Kredit imkan verir ki, insanlar cüzi maliyyə itkisi ilə böyük xəyallarını gerçəklətsin. Amma burada gəlirlə xərclər bir-birinə tərs mütənasib olmamalıdır.
Təəssüf ki, bizdə belədir. Əksər kredit götürən insanların gəliri aylıq xərciylə müqayisədə qat-qat azdır. Bu da sonradan problemlər yaradır. Lakin sağlam yanaşma kreditinin faydalılıq əmsalını xeyli yüksəldir.
O ki qaldı kreditlə turist səyyahətinə çıxmağa...
Azərbaycan reallığında bu arzuolunan deyil. Nəzərə alaq ki, 4 nəfərlik ailə ilə ölkə daxilində 2 gün səyahət etmək ən azı 800-1000 manata başa gəlir. Xaricə çıxış isə ən azı 10 min manat üzərindədir. Bu qədər xərci kreditlə qarşılamaq böyük riskdir. Çünki 600-700 manatlıq əmək haqqı ilə bu qədər xərci qarşılamaq sadəcə mümkünsüzdür”.
Surxay Atakişiyev, Bizim.Media


































































































