Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA

Hazırda oxunan: Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA

625258

Son illər psixoloqa üz tutanların sayı kəskin artıb. Bəlkə də elə buna görə paytaxtımızda və digər mərkəzi şəhərlərdə hər addımbaşı psixoloq kabinetlərinə, psixoloji xidmət mərkəzlərinə rast gəlirik.

Bu məsələnin pis tərəfi isə odur ki, özünə “psixoloq” deyənlərin də sayı durmadan artır. Bu tendensiya da istər-istəməz belə bir fikir formalaşdırır ki, bu sahə kimlər üçünsə daha çox biznesə çevrilib.

Maraqlıdır ki, bəzi psixoloqlar “pasiyentin”in ürəyini fəth etmək üçün bir çox hallarda münəccimlik edirlər. Hətta “pasiyenti” inandırmağa çalışırlar ki, onlar insanların həyatını dəyişmək iqtidarına malikdirlər. Bəzi insanlar da buna inanır.

Bu gün psixoloqların əksəriyyəti ya efirlərdədir, ya da sosial şəbəkələrdə. Bu yolla populyarlıq qananan psixoloqlar həm də qiymət siyasəti aparırlar.

Hazırda “üzdə olan” psixoloqların qəbuluna düşmək çox çətindir. Ən yaxşı halda bu növbəlik prinsipi ilə baş tutur.

Qiymətlərsə müxtəlifdir. Bir saatlıq seansın qiyməti 50 manatdan 300 manata qədər artır. Hətta bir seansa 400 manat alan psixoloqlar da var.

Bizim.Media oxucu marağını nəzərə alıb tanınmış bir sıra psixoloqların qəbul qiymətlərini öyrənib.

Samirə Bağırova

Ölkədə tanınmış psixoloqlardan biri olan Samirə Bağırova fərdi seans üçün 100 manat, cütlüklərlə aparılan seanslar üçün isə 150 manat təyin edib.

Elmir Əkbər

Gənc, lakin tanınmış psixoloqlardan Elmir Əkbərin seans qiymətləri bir qədər fərqlidir. O, pasiyentlərindən 40 dəqiqəlik qəbul üçün 80 manat, 1 saatlıq görüş üçün isə 100 manat alır.

Tamilla Əliyeva

“Ən bahalı psixoloq”lardan biri  Tamilla Əliyevadır. Onun seansları 1- 1,5 saat davam edir və hər görüşün qiyməti 299 manatdır.

Nizami Orucov

Nizami Orucovun da qəbul qiyməti kifayət qədər yüksəkdir - 300 manatdır. Bu isə ölkədə psixoloqlar arasında ən yüksək məbləğlərdən biri hesab olunur.

Narınc Rüstəmova

Psixoloq Narınc Rüstəmovanın əvvəlki illər seans qiyməti  1 saat üçün 100 manat olub. Amma, hazırda psixoloq qiymətlərini qəbul etdiyi pasiyentlərin psixoloji durumuna görə müəyyənləşdirir.

Onun həyat yoldaşı, tanınmış psixoloq Elnur Rüstəmovun isə seanslarının 1 saatı 80 – 100 manatadır.

Gülnar Orucova

Gülnar Orucovanın bir saatlıq seansı 50 manatdır. Amma o daha çox uşaqlarla işləyir və uşağın psixoloji durumuna görə qiymətlər dəyişir.

Gülnarə Mutuzova

Bu psixoloqun saatlıq seansının qiyməti bir qədər ucuzdur. Cəmi 50 manat. Lakin Gülnarə Murtuzova üçün bu start qiymətdir. Pasiyentin psixoloji durumundan asılı olaraq qiymətlər dəyişə bilər.

Göründüyü kimi qiymətlər heç də hamı üçün əl çatan deyil. Nəzərə alaq ki, psixoloji yardım almaq istəyən şəxs ən azı 4-5 seansa gəlməlidir.

Bu minvalla həmin şəxs ən azı 200-300 manatından keçməlidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin