Məlum olduğu kimi, paytaxtın əksər ərazilərində su təchizatı günün yalnız müəyyən saatlarında, əvvəlcədən müəyyən edilmiş qrafik əsasında həyata keçirilir. Lakin bəzi ərazilərdə tətbiq olunan bu qrafik sakinlər üçün əlverişsizdir. Məsələn, Binəqədi rayonunun 3-cü mədən ərazisində su yalnız gecə saat 02:00-dan səhər saat 06:00-dək verilir. Bu isə sakinlərin ciddi narazılığına səbəb olur.
Nəzərə alsaq ki, suyun verildiyi saatlar gecə vaxtına təsadüf edir, bir çox sakin həmin vaxt oyaq qalmağa və su ehtiyatı toplamağa məcbur olur. Bu vəziyyət onların gündəlik həyatına və istirahətinə mənfi təsir göstərir.
Bizim.Media məsələylə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, sözügedən ünvanda abonentlərin su təchizatı qrafik rejimi ilə tənzimlənir.
"Qrafikli rejimlərin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb".
Bəs əsas problem necə həllini tapacaq? Qrafik dəyişdirilə bilər?
"Mövcud qrafik hazırda tətbiq edilir, dəyişiklik olduqda abonentlərə məlumat veriləcək", - deyə qurumdan suallarımıza cavab olaraq bildirilib.
Xidmətin açıqlamasından görünür ki, hələki bir dəyişiklik tətbiq edilməyəcək. Bu isə əlbəttə, sakinlərin mövcud çətinliyini davam etdirəcək.
Nəzrin Mirzəyeva, Bizim.Media


































































































