Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun barəsindəki cinayət işi üzrə məhkəmə başlayıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı zərərçəkənin nümayəndəsi qismində iştirak edib.
Qarşı tərəfin müdafiəçiləri vəsatət qaldıraraq təqsirləndirilənin barəsində seçilmiş həbslə olmayan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib, Mehdi Əmrahov məhkəmə zalında həbs olunub.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyulun 20-nə təyin edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
O, nazirliyin 600 min manatdan çox vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.
İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. (Oxu.az)
Bizim.Media





































































































