Valideynin xəbəri olmadan kartdan ödəniş edən UŞAQLAR – Pulu geri almaq mümkündür?

Hazırda oxunan: Valideynin xəbəri olmadan kartdan ödəniş edən UŞAQLAR – Pulu geri almaq mümkündür?

624905

Onlayn oyunlarda ödənişli funksiyaların və tətbiqdaxili alışların olması valideynləri yeni problemlə üz-üzə qoyur. Bəzən uşaqlar valideynlərinin bank kartını istifadə edərək onların xəbəri olmadan oyun daxilində müxtəlif xərcləmələr edir və ailələr yalnız bankdan bildiriş gəldikdən sonra vəziyyətdən xəbər tutur. Belə hallarda ödənilən məbləğin geri qaytarılmasının mümkün olub-olmaması hər kəsi maraqlandıran məsələdir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Cavanşir Qasımzadənin sözlərinə görə, həmin vəsaiti hüquqi baxımdan geri almaq mümkündür.

Bəs bunun üçün nə etmək lazımdır?

“Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yeddi yaşından on səkkiz yaşına qədər olan yetkinlik yaşına çatmayanların tam fəaliyyət qabiliyyəti yoxdur və onlar yalnız xırda məişət əqdləri bağlaya bilərlər. Yetkinlik yaşına çatmayanın bağladığı digər iri həcmli əqdlər onun qanuni nümayəndələrinin, yəni valideynlərinin sonradan verdiyi razılıqla etibarlı sayılır.

Valideyn bu əqdə razılıq vermirsə, Mülki Məcəlləyə əsasən belə əqd mübahisəli hesab edilir və məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə bir halla qarşılaşan vətəndaş ilk növbədə oyun platformasına və ya oyunun dəstək xidmətinə müraciət etməlidir. Çünki bank yalnız köçürməni icra edən tərəfdir. Platforma müraciəti rədd edərsə, növbəti addım kimi dərhal banka müraciət edib əməliyyatın mübahisələndirilməsi prosesini başlatmaq lazımdır”- vəkil qeyd edir.
 

O, həmçinin bildirir ki, hadisə baş verən kimi qısa müddətdə müraciət olunarsa və alınan oyun daxili virtual əşyalar hələ istifadə edilməyibsə, platforma və ya bank ödənişi geri verir. Əks halda geri qaytarılmaqdan imtina edilə bilər.


C.Qasımzadə valideynlərə hüquqi və texniki baxımdan qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir:

“Valideynlər övladlarının istifadə etdiyi cihazlarda “valideyn nəzarəti” funksiyasını aktivləşdirməli, hər bir ödəniş üçün şifrə və ya biometrik təsdiq tələbini qoymalıdırlar. Hüquqi baxımdan bank müqavilələrində kartın üçüncü şəxslərə ötürülməməsi öhdəliyi mövcud olduğu üçün, valideynlər kart məlumatlarını cihazların yaddaşında saxlamamalı və bank tətbiqlərində onlayn ödənişlərə limitlər təyin etməlidirlər”.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin