Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Hazırda oxunan: Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

624712

İyulun 11-də Qusar rayonunda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib. Konfrans 11 və 12 İyul tarixlərini əhatə edəcək. Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən konfrans Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Konfransda çıxış edən Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov minimal invaziv cərrahiyyə sahəsində tətbiq olunan müasir metodlar, beynəlxalq təcrübə, elmi yeniliklər və kadr hazırlığının əhəmiyyəti barədə fikirlərini bölüşüb. Regionlarda belə konfransların keçirilməsinin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. 
 

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev konfrans iştirakçılarını rayon rəhbərinin adından salamlayıb. Ceyhun Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsinin inkişafı, müasir tibbi infrastrukturun yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində ardıcıl islahatlar həyata keçirilir.


Bu siyasətin nəticəsi olaraq regionlarda yeni tibb müəssisələri tikilir, mövcud xəstəxanalar müasir avadanlıqlarla təchiz olunur və yüksəkixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Çıxışının sonunda Ceyhun Hacıyev konfransın işinə uğurlar arzulayıb, tədbirin elmi biliklərin zənginləşdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və minimal invaziv cərrahiyyə sahəsində qabaqcıl təcrübənin daha geniş tətbiqinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov qonaqları salamlayaraq, növbəti konfransın Qusar rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib. Direktor bildirib ki, belə elmi-praktik tədbirlər həkimlərin peşəkar bilik və bacarıqlarının artırılması, qabaqcıl tibbi təcrübənin öyrənilməsi, eləcə də regionlarda göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 

Konfransda çıxış edən OKİ Hospitalının Baş həkimi İlham Kərimov minimal invaziv cərrahiyyənin müasir səhiyyə sistemində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, son illər bu sahədə əldə olunan elmi nailiyyətlər və innovativ texnologiyaların tətbiqi cərrahi müdaxilələrin daha təhlükəsiz, dəqiq və effektiv həyata keçirilməsinə, eyni zamanda pasiyentlərin qısa müddətdə sağlamlıqlarına qovuşmasına imkan yaradır. O, tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.


Rəsmi hissədən sonra konfrans öz işini panel müzakirələrlə davam etdirib. Ölkənin tanınmış tibb mütəxəssislərini bir araya gətirən konfransda minimal invaziv cərrahiyə, elektrocərrahiyə prinsipləri, kəskin pankreatitin idarə olunması, endoskopik cərrahiyə, qanaxmaların idarə olunması və digər aktual mövzular üzrə çıxışlar dinlənilib, canlı cərrahiyə nümayiş edilib. 

Konfransın davamı olaraq 12 İyul tarixində OKİ Hospital və Qusar Rayon Mərkəzi Xəstəxanasında praktiki təlimlər təşkil ediləcək. İştirakçılar lazer proktologiyası, cərrahi tikiş, CPR, traxeostomiya, endoskopiya və tibb bacıları üçün xüsusi praktik məşğələlərdə iştirak edərək nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək imkanı əldə edəcəklər.




























Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin