Deputatlar gələn həftədən məzuniyyətə çıxırlar. Belə ki, Milli Məclisinin deputatları hər il iki dəfə – iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır və bu dövrdə deputatlar məzuniyyətdə hesab olunurlar.
Bizim.Media xəbər verir ki, “modern.az” parlamentarilərin məzuniyyətdə harada istirahət edəcəyini öyrənib.
Zahid Oruca görə istirahətin ən gözəl məkanı elə Azərbaycandır
Deputat Zahid Oruc yaz sessiyasını məhsuldar hesab etdiyini bildirib. Onun sözlərinə görə, parlamentdə iqtisadiyyatın, rəqəmsal inkişafın, torpaq münasibətlərinin və əmlak qeydiyyatının təkmilləşdirilməsinə xidmət edən mühüm qanunlar qəbul olunub. Yay tətilini isə hər il olduğu kimi ölkə daxilində keçirməyə üstünlük verdiyini deyən deputat daxili turizmin təşviqinin vacibliyini vurğulayıb.
"Bu il də Azərbaycanda olacağam. Konkret olaraq Quba ərazisində ailəmlə birlikdə istirahət edəcəyəm. Müqayisəli təhlil etdikdə Azərbaycanın coğrafiyası, təbiəti daha zəngindir. Tanınmış simaların ölkə daxilində istirahət etməsi daxili turizmin inkişafı baxımından çox önəmlidir".
Elman Nəsirov tətilini dörd rayonda keçirməyi planlaşdırır
Elman Nəsirov da yay məzuniyyətini Azərbaycanda keçirməyi planlaşdırdığını bildirib. Deputat müxtəlif bölgələrə səfər etməyi nəzərdə tutduğunu deyib. "Yay tətilimi Qubada, Şamaxıda, Astara və nəhayət, doğulduğum Cəlilabadda keçirməyi planlaşdırıram".
Vasif Qafarov Lerik, Astara və Qarabağa gedəcək
Vasif Qafarov məzuniyyətini ailəsi ilə birlikdə cənub bölgəsində keçirməyi planlaşdırır. O, eyni zamanda Qarabağa da səfər etmək niyyətindədir. "Builki yay məzuniyyətimi ailəmlə birlikdə Lerikdə və Astarada keçirməyi planlaşdırmışam. Həmçinin Şuşa, Xankəndi, Laçın və Kəlbəcərə səfər etməyi də düşünürəm".
Naqif Həmzəyev Gəncədə olacaq, Qarabağa da getmək istəyir
Naqif Həmzəyev ənənəsinə sadiq qalaraq yay tətilini doğma bölgəsində keçirəcəyini bildirib. Deputatın planında Qarabağ və Şərqi Zəngəzura səfər də var. “Həmişə olduğu kimi yay tətilini Gəncə şəhəri və Gəncəbasar bölgəsində keçirməyi planlaşdırıram. Əgər alınsa, Qarabağ və Şərqi Zəngəzura da səfər edəcəyəm”.
Azər Allahverənov qısa bölgə səfəri planlaşdırır
Azər Allahverənov hələ dəqiq marşrut müəyyənləşdirməsə də, avqust ayında ölkə daxilində qısa istirahət etməyi düşündüyünü deyib. "Ən yaxşı halda avqustun birinci yarısı ölkə daxilində hansısa bölgəyə qısa müddətli səfər edəcəyəm".
Rövşən Muradov oğluna azad edilmiş torpaqları göstərəcək
Rövşən Muradov bu yay əsas məqsədinin xaricdə təhsil alan oğlunu işğaldan azad edilmiş ərazilərlə tanış etmək olduğunu bildirib. Deputat yay ərzində həm Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edəcəyini, həm də müxtəlif rayonlarda yaşayan seçiciləri ilə görüşəcəyini deyib.
"Tətilə çıxan kimi oğlumu Şuşaya, Laçına, Xankəndiyə aparacağam. İstəyirəm baba yurdunu, işğaldan azad olunmuş ərazilərimizin gözəlliyini görsün. Yay tətilimi Azərbaycanda keçirəcəyəm, həm də müxtəlif bölgələrdə seçicilərimlə görüşəcəyəm".
Elçin Mirzəbəyli məzuniyyəti yaradıcılıq üçün fürsət sayır
Elçin Mirzəbəyli bu yay üçün konkret istirahət planı olmadığını bildirib. Deputatın sözlərinə görə, o, məzuniyyəti səyahətdən daha çox şəhərin səs-küyündən və gərgin informasiya axınından uzaqlaşmaq, yaradıcılığa vaxt ayırmaq imkanı kimi dəyərləndirir.
"İndiki halda tətilə şəhərin səs-küyündən, sürətlə dəyişən informasiya axınından, siyasi proseslərin ritmindən qısamüddətli fasilə kimi yanaşıram. Məzuniyyətlə bağlı xüsusi planım yoxdur. Çox güman ki, iznli istirahətdənsə qısamüddətli də olsa yaradıcılıq üçün boş, sərbəst vaxta üstünlük verəcəyəm".
Azər Badamov isə məzuniyyətini seçildiyi rayonda keçirəcək
61 saylı Qusar seçki dairəsindən deputat seçilən Azər Badamov yay məzuniyyətini də təmsil etdiyi rayonda keçirməyi planlaşdırdığını bildirib. O, bu il uzaq səfər nəzərdə tutmadığını deyib.
"Hardasa gedib dincəlmək planım yoxdur. Çalışacağam məzuniyyətimi Qusarda keçirim".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:05 / 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
Hazırda oxunan: Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
Hazırda oxunan: Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
624706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































