Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Hazırda oxunan: Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

624463

Autizm spektr pozuntusu diaqnozu təkcə övladında bu sindrom aşkarlanan ailələri deyil, valideyn olmağa hazırlaşanları da maraqlandırır. Son illər bu kimi halların daha çox müşahidə olunması cəmiyyətdə müəyyən narahatlıqlar doğurur. Hər bir valideyn övladının sağlam dünyaya gəlməsini arzulayır. Bu səbəbdən autizm spektr pozuntusunun nə vaxt və necə müəyyən edilməsi, eləcə də onun yaranmasına təsir edən amillərlə bağlı suallar yaranır.

Autizm - erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf pozuntusudur. Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.

Bu gün ölkədə autizm sindromlu əlilliyi olan uşaqların sayı da diqqət çəkir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki, hazırda Azərbaycanda 6376 nəfər autizm sindromlu əlilliyi olan uşaq var.

Onlardan 5101 nəfəri oğlan, 1275 nəfər isə qızdır. Ölkə üzrə autizm sindromlu əlilliyi olan şəxslərin ümumi sayı 7117 nəfər təşkil edir. Onlardan 5711 nəfəri kişilərin, 1406 nəfəri isə qadınların payına düşür.

Bəs hamiləlik dövründə bu sindromu aşkarlamaq mümkündürmü? Onun yaranma riskini azaltmaq olarmı? Valideynlər hansı əlamətlərə diqqət yetirməlidirlər?

Məsələ ilə bağlı mama-ginekoloq Arzu Məhərrəmova bildirir ki, hamiləlik dövründə bu pozuntunu müəyyən etməyə imkan verən heç bir müayinə üsulu yoxdur:

“Heç bir qan analizi, ultrasəs müayinəsi və ya prenatal genetik test vasitəsilə autizm diaqnozu qoymaq mümkün deyil. Bu diaqnoz adətən uşaq doğulduqdan sonra, müəyyən yaş dövründə davranış xüsusiyyətlərinə əsasən pediatr və digər müvafiq mütəxəssislər tərəfindən qoyulur.

Autizmin qarşısını tam almağın da hər hansı sübut olunmuş yolu yoxdur. Heç kim deyə bilməz ki, müəyyən dərman qəbul etməklə və ya hansısa tədbirlər görməklə autizmin yaranmasının qarşısını almaq mümkündür”.

Bununla yanaşı, mama-ginekoloq prenatal dövrdən öncə bəzi tədbirlərin autizmin yaranma riskini azalda biləcəyini diqqətə çatdırır.

Onun sözlərinə görə, qadın hamiləliyi planlaşdırarkən və hamiləliyin ilk üç ayında fol turşusu (B9 vitamini) qəbul etməlidir:

“Fol turşusu əsasən sinir borusu qüsurlarının, o cümlədən spina bifidanın qarşısını almaq üçün tövsiyə olunsa da, hamiləliyin sağlam keçməsinə də müsbət təsir göstərir. Hamilə qaldıqdan sonra qadın mütləq həkim nəzarətində olmalı, qadın məsləhətxanasında qeydiyyata düşməli və ilk üç ay ərzində fol turşusu qəbulunu davam etdirməlidir.

Hamiləlik dövründə zərərli vərdişlərdən, xüsusilə spirtli içkilərdən, narkotik maddələrdən və siqaretdən uzaq durmaq lazımdır. Həmçinin həkim məsləhəti olmadan lazımsız dərman preparatları qəbul edilməməlidir.

Qadında şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri və ya digər xroniki xəstəliklər varsa, onlar hamiləlikdən əvvəl və hamiləlik dövründə nəzarətdə saxlanılmalıdır. Düzgün qidalanma və sağlam həyat tərzi də hamiləlik zamanı böyük əhəmiyyət daşıyır.

Doğuşlar arasındakı intervalın təxminən iki il olması tövsiyə edilir. Bu müddət ərzində qadın orqanizmi bərpa olunur və növbəti hamiləliyə daha yaxşı hazırlaşır”.

A.Məhərrəmova hamiləlik üçün ən uyğun yaşların 18-35 yaş aralığı hesab olunduğunu vurğulayır.

O, həmçinin qeyd edir ki, autizmin yaranmasında genetik amillər də rol oynayır. Ailədə, xüsusilə digər övladlarda və ya yaxın qohumlarda autizm halları varsa, uşaqda da autizmin yaranma riski daha yüksək ola bilər.

Pediatr Aytən İsmayılzadə autizm spektr sindromunun ana bətnində müəyyən etməyin mümkün olmadığına baxmayaraq onun hamiləlik dövründə yarandığını bildirir.

Bəs bu sindrom sonradan yaranmırsa, onu hansı yaş aralığında aşkar etmək olar?

“Autizm orqanik dəyişiklik deyil, funksional pozuntudur. Bu səbəbdən diaqnoz yalnız uşağın davranışları müşahidə olunaraq qoyula bilər. Autizmi 3-4 aylıq körpədə təsdiqləmək mümkün deyil. Lakin uşaq 8-9 aylıqdan etibarən müəyyən bacarıqlar formalaşmalıdır. Bir yaşına çatmasına baxmayaraq uşaq göz təması qurmursa, emosional əlaqə yaratmırsa, məqsədli şəkildə oyuncaqlarla oynamırsa, nitqi yoxdursa, təhlükəyə reaksiya vermirsə və sanki öz aləmində yaşayırsa, bu artıq həyəcan siqnalıdır.
 

Ancaq bu əlamətlərin olması hər zaman autizm demək deyil. Bəzi hallarda azyaşlı uşaqların uzun müddət telefona məruz qalması da oxşar davranış pozuntularına səbəb ola bilər. Telefon istifadəsi dayandırıldıqdan və uşaqla daha çox ünsiyyət qurulduqdan sonra bu əlamətlər aradan qalxırsa, həmin uşaqda autizm olmaya bilər” - o qeyd edir.


Pediatr vaxt keçdikcə təkrarlanan stereotip hərəkətlərin, məsələn, əlləri eyni formada yellətmək və ya təkrarlayıcı davranışların diaqnoz üçün daha əhəmiyyətli göstərici olduğunu əlavə edir.

Onun sözlərinə görə, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq nəticələr də fərqli olur. Ağır hallarda uzunmüddətli məşğələlərə baxmayaraq irəliləyiş məhdud ola bilər, yüngül hallarda isə erkən müdaxilə daha yaxşı nəticə verir.

“Autizmli uşaqların davranışları bir-birindən fərqlənir. Bəzilərində müəyyən vərdişlərə həddindən artıq bağlılıq olur, ətrafdakılara və ya özünə zərər verən davranışlar müşahidə edilə bilər. Digərləri isə sadəcə ünsiyyətə qapanır, ətrafdakılarla əlaqə qurmur və daha çox öz dünyasında yaşayır.

Bu uşaqlarda qidalanma və davranış xüsusiyyətləri də fərqli ola bilər. Bəziləri yeməkdən imtina edir, bəziləri isə normadan artıq qidalanır.

Erkən diaqnoz və vaxtında başlanılan reabilitasiya onların cəmiyyətə uyğunlaşmasında mühüm rol oynayır. Bir çox autizmli uşaq məktəbə gedə, təhsil ala və cəmiyyətə inteqrasiya ola bilir”.

A.İsmayılzadə valideynlərə tövsiyə edir ki, uşağın sağlam qidalanmasına da diqqət yetirsinlər, həddindən artıq şəkərli və zərərli qidaların qəbulunu məhdudlaşdırsınlar. Bu cür qidalar autizm yaratmasa da, həm autizmli, həm də sağlam uşaqlarda hiperaktivlik, səbirsizlik və bəzi davranış problemlərini artıra bilər.

Son statistikalardakı rəqəmlər oğlan uşaqlarında autizm sindromlu əlilliyin qızlara nisbətdə dəfələrlə çox olduğunu göstərir. Sözügedən sindrom cinsiyyət tanıyırmı? Pediatr A.İsmayılzadə bunun səbəbi ilə bağlı müxtəlif elmi ehtimallara rəğmən konkret cavab və ya sübutun olmadığını qeyd edir.

O, əlavə edir ki, autizmli uşaqların bağça və məktəbə cəlb olunması vacibdir.

“Erkən yaşlardan sosial mühitə daxil olmaları onların inkişafına müsbət təsir göstərir. Lakin ağır hallarda, xüsusilə nitq inkişaf etmədikdə, təhsilə inteqrasiya prosesi daha çətin ola bilir”.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin