Avtomobildə təhlükəsizlik kəməri taxmayan sərnişinlərin nəzərinə

Hazırda oxunan: Avtomobildə təhlükəsizlik kəməri taxmayan sərnişinlərin nəzərinə

624441

“Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununa əsasən, təhlükəsizlik kəməri ilə təchiz edilmiş nəqliyyat vasitələrində həm sürücü, həm də sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Bununla yanaşı, sürücünün əsas vəzifələrindən biri avtomobili hərəkətə başlamazdan əvvəl sərnişinlərin təhlükəsizlik kəmərini taxdığına əmin olmaqdır. Bu tələb təsadüfi xarakter daşımır. Yol-nəqliyyat hadisələri zamanı təhlükəsizlik kəmərindən istifadə ölüm və ağır bədən xəsarətləri riskini əhəmiyyətli dərəcədə azaldır”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Pravda.az”a açıqlamasında hüquqşünas Afaq Əliyeva deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, təhlükəsizlik kəmərindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinin pozulması inzibati məsuliyyət yaradır:

“Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi dövlətin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, hər bir yol hərəkəti iştirakçısının qanunvericiliklə müəyyən edilmiş vəzifələrə əməl etməsini tələb edir. Bu vəzifələrdən biri də nəqliyyat vasitəsində təhlükəsizlik kəmərindən istifadə olunmasıdır. Sürücü sərnişinin təhlükəsizlik kəmərini taxmadığını bildiyi halda nəqliyyat vasitəsini idarə edərsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb oluna bilər.

Bununla yanaşı, sərnişin də qanunvericiliyin tələblərinə əməl etməyə borcludur. Təhlükəsizlik kəmərindən istifadə etmək hər bir sərnişinin şəxsi məsuliyyətidir və bu qaydanın pozulması hüquqi nəticələrə səbəb ola bilər”.

Hüquqşünas qeyd edib ki, təhlükəsizlik kəmərindən istifadə ilə bağlı tələblər yalnız inzibati məsuliyyət baxımından deyil, həm də mülki və cinayət hüququ müstəvisində əhəmiyyət daşıya bilər:

“Yol-nəqliyyat hadisəsi baş verdikdə təhlükəsizlik qaydalarına əməl olunmaması məsuliyyət məsələlərinin qiymətləndirilməsi zamanı nəzərə alınan hallardan biri hesab edilir. Beləliklə, qüvvədə olan qanunvericiliyin təhlili göstərir ki, sürücü avtomobili hərəkətə gətirməzdən əvvəl həm özünün, həm də sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsinə nəzarət etməlidir.
 

Bu öhdəliyin yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati məsuliyyətə səbəb ola bilər. Əgər sərnişin təhlükəsizlik kəmərini taxmayıbsa, buna görə məsuliyyət sərnişinin öz üzərinə düşür və onun barəsində 30 manat məbləğində inzibati cərimə tətbiq edilir.


Lakin sürücü özü təhlükəsizlik kəmərindən istifadə etmədikdə, bu artıq sürücünün şəxsi inzibati məsuliyyətidir və qanunvericiliyə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulur. Beləliklə, sərnişinin kəmər taxmamasına görə sürücünün cərimələnməsi ilə bağlı fikir doğru deyil. Hər bir şəxs öz öhdəliyinə görə qanun qarşısında məsuliyyət daşıyır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin