Dünyanın iqtisadi gündəmi son illərdə müharibələr, enerji böhranları, inflyasiya, ticarət məhdudiyyətləri və təchizat zəncirlərində qırılmalarla onsuz da kifayət qədər yüklənib. İndi isə bu siyahıya daha bir ciddi amil əlavə olunur: El Nino.
Məlumat üçün qeyd edək ki, El Nino Sakit okeanının ekvatorial hissəsində suyun səth temperaturunun qeyri-adi dərəcədə yüksəlməsi ilə müşayiət olunan təbii iqlim hadisəsidir. Bu proses qlobal hava dövranına təsir göstərərək dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejiminin dəyişməsinə səbəb olur.
El Nino zamanı bəzi ərazilərdə güclü yağışlar və daşqınlar, digərlərində isə quraqlıq və isti hava dalğaları müşahidə edilə bilər. Hadisə həmçinin kənd təsərrüfatına, su ehtiyatlarına, enerji istehsalına və ekosistemlərə ciddi təsir göstərə bilir. El Nino adətən bir neçə ildən bir baş verir və qlobal temperaturun müvəqqəti olaraq yüksəlməsinə də təsir edən əsas amillərdən hesab olunur.
2026-cı ilin El Nino hadisəsi xüsusilə narahatedicidir.
Ümumdünya Meteorologiya Təşkilatı iyun–avqust dövründə El Nino ehtimalını 80 faiz qiymətləndirib. Təşkilat hadisənin noyabra qədər davam etməsi ehtimalının 90 faizə yaxın olduğunu bildirib. Avqustun sonuna yaxın isə proqnozlar hadisənin daha da güclənə biləcəyinə işarə edir. Böyük Britaniyanın “Met Office” qurumu hazırkı hadisənin müşahidə tarixində ən güclü El Ninolardan biri ola biləcəyini bildirir.
Burada əsas məsələ temperaturun neçə dərəcə yüksəlməsi deyil. Əsas məsələ odur ki, El Nino dünyanın müxtəlif bölgələrində eyni vaxtda kənd təsərrüfatını, enerji istehsalını, su ehtiyatlarını, nəqliyyatı və ərzaq tədarükünü poza bilər.
İlk hədəfdə ərzaq bazarıdır
El Ninonun qlobal iqtisadiyyata birbaşa təsiri kənd təsərrüfatından gəlir. Yağıntıların coğrafiyasını dəyişən hadisə bəzi regionlarda quraqlıq, digərlərində isə həddindən artıq yağış yaradır. Nəticədə məhsuldarlıq azalır, yığım müddəti dəyişir və dünya bazarına çıxarılan məhsulun həcmi aşağı düşür.
Xüsusilə tropik kənd təsərrüfatı məhsulları risk altındadır. Son təhlillərə görə, güclü El Nino hadisələri son 55 ildə kakao istehsalına mənfi təsir göstərib. Qərbi Afrika dünya kakaosunun təxminən yarısını təmin etdiyindən burada məhsuldarlığın azalması qlobal şokolad bazarına birbaşa təsir göstərir.
Qəhvə bazarında da mənzərə narahatlıq doğurur. Vyetnam və İndoneziya birlikdə dünya robusta qəhvəsinin təxminən yarısını istehsal edir və bu ölkələrdə istilik və quraqlığın güclənməsi məhsula ciddi zərər vura bilər. Hindistan və Tailandda isə yağıntıların azalması şəkər istehsalını riskə ata bilər.
Beləliklə, El Nino supermarket rəflərinə qədər gəlib çıxan bir iqlim hadisəsinə çevrilir. Kakao, qəhvə, şəkər, taxıl və digər məhsulların qiyməti yüksəldikcə istehlakçı daha çox ödəməli olur.
İnflyasiyanın yenidən qayıtmaq riski
El Ninonun ən təhlükəli iqtisadi nəticələrindən biri onun inflyasiya xarakterli olmasıdır. Məhsul azalır, tələb isə qalır. Nəticədə qiymətlər yüksəlir.
IMF-nin araşdırmaları da göstərir ki, güclü El Nino hadisələri yağışdan asılı kənd təsərrüfatı məhsullarının təklifini məhdudlaşdıra, ərzaq qiymətlərini və inflyasiyanı artıra bilər. Ərzaq idxalından asılı ölkələrdə isə bu proses sosial gərginliyə qədər gedib çıxa bilər.
Bu dəfə problem daha mürəkkəbdir. Çünki dünya iqtisadiyyatı El Ninoya “boş səhifədən” başlamır. Enerji qiymətlərinin yüksəkliyi, gübrə bazarındakı problemlər, logistika xərcləri və geosiyasi qarşıdurmalar artıq ərzaq istehsalının maya dəyərini artırıb.
Ekspertlər enerji və gübrə təchizatındakı problemlərin üst-üstə düşməsinin yeni ərzaq inflyasiyası dalğası yarada biləcəyini vurğulayır.
Bu isə mərkəzi banklar üçün yeni dilemma yaradır. İqtisadi artım zəiflədiyi halda inflyasiya artır. Belə vəziyyətdə faizləri azaltmaq inflyasiyanı sürətləndirə, faizləri yüksək saxlamaq isə iqtisadi aktivliyi zəiflədə bilər.
Tarixdə El Nino izləri
1982–1983-cü illərin güclü El Nino hadisəsinin qlobal iqtisadi itkiləri təxminən 4,1 trilyon dollar, 1997–1998-ci illərdəki hadisənin yaratdığı itkilər isə təxminən 5,7 trilyon dollar qiymətləndirilir. 2026-cı il hadisəsinin hansı səviyyədə iqtisadi zərər yaradacağı hələ dəqiq deyil, lakin hazırkı proqnozlar riskin ciddi olduğunu göstərir.
“Peterson Institute for International Economics”-in hesablamasına görə, 1997–98 miqyasına yaxın El Nino ssenarisində 2027-ci ildə iqtisadi itkilər təxminən 986 milyard dollar ola bilər. Daha uzunmüddətli təsirlərlə itkilərin bir neçə trilyon dollara yüksəlməsi mümkündür. Beynəlxalq ictimaiyyət və siyasətçilər indidən hərəkətə keçməsə, bu itkilər növbəti beş il ərzində ən azı 7,2 trilyon dollara çata bilər.
Deməli, söhbət yalnız kəndlinin məhsul itkisindən getmir.
Söhbət qlobal ÜDM-dən, dövlət büdcələrindən, şirkətlərin gəlirlərindən, ərzaq təhlükəsizliyindən və milyonlarla insanın yaşayış səviyyəsindən gedir.
El Ninonun təsir potensialı ən çox olan ölkələr tropiklərdə qeyri-mütənasib olaraq aşağı və orta gəlirli ölkələrdir. Ekvador, Peru, İndoneziya, Malayziya, Surinam, Panama, Nikaraqua, Toqo, Zambiya və Kosta Rika nümunədə ən güclü telekommunikasiya bağlantısı olan ilk 10 ölkəni təşkil edir. Təxmini 986 milyard dollarlıq ümumi itkinin 353 milyard dolları ümumi ÜDM-i təxminən 9,9 trilyon dollar olan 51 ölkədə cəmləşib. Bu ölkələr üçün itkilər ÜDM-in 3,6 faizini təşkil edir.
Məhsul istehsalında uğursuzluq fermerlərin gəlirlərini azaldır və ərzaq idxal xərclərini artırır, xarici valyutanı məhsuldar investisiyalardan yayındırır. Daşqınlar və palçıq sürüşmələri yollara, elektrik şəbəkələrinə və digər infrastruktura zərər verir və dövlətlərin xərclərini artırır.
Həmçinin xəstəlik yükünün artması əmək məhsuldarlığını azaldır və ev təsərrüfatlarının və dövlət resurslarını investisiyalardan daha çox müalicəyə yönəldir. Bu isə COVİD 19 pandemiyasından sonra həssas durumda olan dünya iqtisadiyyatları üçün əlavə təhdid yaradır.
Eyni zamanda, El Ninonun yaratdığı vətəndaş münaqişəsi riskini əhəmiyyətli dərəcədə artırır və artımı daha da məhv edir. Əlbəttə ki, bütün bunlar təsir kimi baş verir.
Bu təbiət hadisəsi Azərbaycana necə təsir edə bilər?
Azərbaycanın vəziyyəti nisbətən fərqlidir. Ölkə böyük ərzaq ixracatçısı olmadığı üçün dünya ərzaq qiymətlərinin yüksəlməsi müəyyən idxal inflyasiyası yarada bilər. Lakin Azərbaycanın enerji ixracatçısı olması başqa tərəfdən üstünlükdür.
Əgər El Nino hidroenerji istehsalına mənfi təsir göstərərək neft və qaz tələbatını artırarsa, enerji ixrac edən ölkələr bundan əlavə gəlir əldə edə bilərlər.
Azərbaycan üçün ikinci mühüm istiqamət logistika və tranzitdir. Qlobal təchizat zəncirlərində alternativ marşrutlara ehtiyac artdıqca Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin əhəmiyyəti yüksələ bilər. İqlim risklərinin qlobal ticarət marşrutlarını dəyişdirdiyi bir şəraitdə Azərbaycanın coğrafi mövqeyi əlavə iqtisadi üstünlük yarada bilər.
Eyni zamanda, su ehtiyatlarının idarə olunması, quraqlığa davamlı sortların tətbiqi, suvarma sistemlərinin modernləşdirilməsi və aqrar sığortanın genişləndirilməsi Azərbaycanın El Nino və ümumilikdə iqlim dəyişiklikləri qarşısında dayanıqlığını artıra bilər.
Surxay Atakişiyev, Bizim.Media


































































































