İcra başçısı Qusardakı yenilənmiş Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi - FOTO

Hazırda oxunan: İcra başçısı Qusardakı yenilənmiş Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi - FOTO

633026

Avqustun 24-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov cari təmirdən sonra Qusar Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış şəraitlə tanış olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, muzeydə aparılan cari təmir və yenidənqurma işləri nəticəsində burada rayonun tarixi keçmişini, mədəni irsini və adət-ənənələrini nümayiş etdirmək üçün bütün zəruri şərait yaradılıb.
 

İcra başçısına muzeyin yenilənmiş ekspozisiya zalları təqdim edilib. Ekspozisiyada nümayiş olunan nadir arxeoloji tapıntılar, qiymətli etnoqrafik nümunələr, xalq sənətkarlığına aid əl işləri, qədim məişət əşyaları və sənədli arxiv materialları haqqında ətraflı məlumat verilib.


Muzeyin gənclərimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, Qusar rayonunun zəngin tarixinin təbliğində mühüm rol oynayan bir mərkəz olduğunu qeyd edən rayon rəhbəri kollektivə uğurlar arzulayaraq, muzeyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, fondun yeni eksponatlarla zənginləşdirilməsi və müxtəlif yaş qrupları üçün mədəni-maarifləndirici tədbirlərin mütəmadi təşkili ilə bağlı tövsiyələrini verib.

İcra başçısına məlumat verilib ki, cari təmir və yenidənqurma işləri çərçivəsində muzeyin binasının fasadı tamamilə yenilənib, ətraf ərazi abadlaşdırılaraq yaşıllaşdırılıb, müxtəlif növ dibçək gülləri ilə bəzədilib.

Muzeyin foye hissəsində xüsusi konseptual stendlər quraşdırılıb. Stendlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qusar rayonuna səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotoşəkillərlə yanaşı, rayonun tarixi-mədəni irsinə dair zəngin vizual və məlumat xarakterli materiallar nümayiş olunur.

Cari təmirdən sonra müasir görkəm alan muzey yerli sakinlərin və qonaqların ziyarətinə açıqdır.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin