9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

Hazırda oxunan: 9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

632981

Hazırda Azərbaycanda bir çox işçilər üçün iş günü deyəndə ağla ilk olaraq “9-dan 6-ya iş” qrafiki gəlir. Bəs qarşıdakı illərdə işə məhz saat 9:00-da gəlmək və 18:00-da çıxmaq məcburiyyətində qalacağıq? Daha çevik iş rejiminə keçid bu ənənəvi qrafiki dəyişə bilərmi?

Azərbaycanda çevik iş vaxtı rejiminin tətbiqi ilə bağlı hazırlıqlara başlanılıb. “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində nəzərdə tutulan yeni model işçilərə müəyyən çərçivələr daxilində işə başlama və işdən çıxma saatlarını daha sərbəst seçmək imkanı verəcək. Amma burada əsas sual qalır: 9-dan 6-ya işləmək dəyişə bilər, bəs həftəlik 40 saat necə olacaq?

Yeni model tətbiq olunarkən həftəlik 40 saatlıq iş norması dəyişəcəkmi, bütün iş yerlərində eyni qaydalar qüvvədə olacaq?

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan müəllimi”nin suallarını cavablandırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər qabaqcıl beynəlxalq təcrübələrə əsasən, çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtı normasını (həftəlik 40 saat) qorumaq şərtilə iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verən iş təşkili formasıdır:

“Beynəlxalq praktikada çevik iş vaxtı rejimi adətən əsas (məcburi) iş saatları, çevik giriş-çıxış intervalları (məsələn, 06:00-10:00, 15:00-20:00) və ümumi iş vaxtı normasının dəyişməz qalması prinsipləri əsasında tətbiq edilir. 

Bununla yanaşı, çevik iş vaxtı rejiminin tətbiqi zamanı konkret iş vaxtı çərçivələri və tətbiq mexanizmləri hər bir ölkənin milli qanunvericiliyi və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunur.
 

Bu iş rejimi daha çox informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin inzibati və analitik istiqamətləri kimi sahələrdə, həmçinin azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, təhsil alan, eləcə də məsafədən və ya hibrid formada çalışan işçilər üçün əlverişli hesab olunur.


Fasiləsiz fəaliyyət göstərən sahələrdə isə çevik iş vaxtı rejiminin tətbiqi xüsusi tənzimləmə mexanizmləri əsasında həyata keçirilir.

Ölkəmizdə çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan nəticə indikatorlarına uyğun olaraq həmin illər ərzində beynəlxalq təcrübənin araşdırılması, hüquqi və institusional təhlillərin aparılması, müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması və mərhələli şəkildə tətbiqi nəzərdə tutulur”.

Nazirlikdən bildirilib ki, bu məqsədlə müxtəlif ölkələr üzrə qabaqcıl təcrübənin araşdırılması, BƏT-in müvafiq normativ sənədlərinin nəzərdən keçirilməsi işləri aparılır.
 

Qabaqcıl beynəlxalq təcrübələrə əsasən, çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtı normasını (həftəlik 40 saat) qorumaq şərtilə tətbiq edilir. Bu rejim iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verən iş təşkili formasıdır. 

 

Bu model əmək münasibətlərində çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında tarazlığın təmin edilməsinə, həmçinin əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir. 

Bu sahədə yeniliklər olduqda məlumat veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin