Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

Hazırda oxunan: Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

632978

Aprel ayından etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi həyata keçirilib. TƏBİB-də rəhbərlik dəyişikliyindən sonra qurumun tabeliyində olan tibb müəssisələrində hansı yeniliklərin tətbiq edildiyi maraq doğurur. Bu məsələlərdən biri də xəstəxanalarda onlayn növbə sisteminin tətbiqidir. Vətəndaşların həkim qəbuluna əvvəlcədən yazılması və xəstəxanalarda növbələrin tənzimlənməsi üçün bu sistemdən istifadə olunur.

Bəs rəhbərlik dəyişikliyindən sonra hansı tibb müəssisələrində onlayn növbə sistemi qurulub? Hazırda neçə xəstəxanada bu sistem tətbiq edilir və siyahıya yeni tibb müəssisələrinin əlavə olunması nəzərdə tutulurmu?

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, may ayından etibarən Kliniki Tibbi Mərkəz, Nizami Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Respublika Endokrinoloji Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi aktivləşdirilib.

Qeyd edilib ki, həmçinin Yeni Klinika və Abşeron Rayon Mərkəzi Xəstəxanasında da onlayn növbə sistemi mövcuddur.

“Vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sisteminin mərhələli qaydada TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur” – deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, onlayn növbə sisteminin tətbiqi həm vətəndaşlar, həm də tibb işçiləri üçün bir sıra üstünlüklər yaradır.

Növbələrin onlayn tənzimlənməsi tibb müəssisələrində sıxlığın azalmasına, vətəndaşlar üçün daha rahat xidmət mühitinin formalaşdırılmasına şərait yaradır.

Həmçinin qəbul prosesinin əvvəlcədən planlaşdırılması həkimlərin iş yükünün optimallaşdırılmasına, qəbulun daha nizamlı təşkilinə və xidmətlərin daha effektiv idarəsinə imkan verir.

Xatırladaq ki, aprel ayının 14-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib və Şuranın qərarı ilə Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edilib. Ondan öncə bu vəzifəni Vüqar Qurbanov icra edirdi.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin