Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

Hazırda oxunan: Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

621540

Bu gün bütün xalqımız Silahlı Qüvvələr Gününü böyük qürur və fəxrlə qeyd edir. 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilərin peşə bayramı deyil. Bu gün bir millətin yaşamaq əzminin, azadlıq iradəsinin və dövlətçilik şüurunun təntənəsidir. Çünki ordu sadəcə əsgərlərdən və texnikadan ibarət deyil.

Ordu bir xalqın öz torpağına, tarixinə və gələcəyinə sahib çıxmaq qərarının təcəssümüdür.

Əsrlər boyu Azərbaycan xalqı müxtəlif imperiyaların təzyiqi ilə üzləşsə də, heç vaxt azad yaşamaq istəyindən imtina etməyib. Müstəqillik əldə etdikdən sonra isə bu istəyin ən böyük təminatçısı Azərbaycan Ordusu oldu.

1918-ci ilin 26 iyununda Şərqin və müsəlman dünyasının ilk demokratik dövləti olan Azərbaycan öz silahlı qüvvələrini təsis etdi. O gündən bu günə qədər ordumuz çox keşməkeşli yol keçib.

Bu inkişaf yolunun kuliminasiyası isə 2020-ci ilin payızında yaşandı...

Həmin günlər elə bir tarixdir ki, onunla təkcə Azərbaycan xalqı deyil, bütövlükdə Türk dünyası qürur duyur. 44 gün ərzində xalqımız bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə dünya güclərinin üstünə getdi. Nəticədə, ABŞ, Rusiya və Avropa dövlətlərini yeni dünya düzənində Azərbaycan reallıqları ilə barışmağa məcbur etdik.

30 il ərzində Minsk qrupu üçlüyü - ABŞ, Fransa, Rusiya kimi nəhəng dövlətlərin geosiyasi maraqları ucbatından torpaqlarımızı “atəşkəs” adı ilə Ermənistanın işğalı altında saxlanılmasına son qoyduq.

44 gündə düşmənə vurulan sarsıdıcı zərbə

Müzəffər Azərabycan Ordusu 44 gündə Ermənistan ordusunun onurğasını qırdı. 6 həftəlik döyüşdə düşmənin 53 tank əleyhinə silahı, dörd ağır raket atıcı “Smerç”, iki taktiki-əməliyyat raket sistemi “Elbrus”, 97 çoxsaylı “Qrad” raket sistemi, iki özüyeriyən “Uraqan” roketatan, “TOS” termobarik silahını, yeddi S-300 hava müdafiə sistemini, ayrıca beş TOR hava hücumundan müdafiə sistemini, 40 OSA hava müdafiə sistemini, 14 ZASTAVA hava müdafiə sistemini, 22 pilotsuz hava vasitəsini və 5 elektron sistemini sıradan çıxardı.

Bundan əlavə, Azərbaycan Ordusu 5 Su-25 hücum təyyarəsini, 287 tankı, 69 piyadaların döyüş maşını, 28 Akatsia və Qvozdika özüyeriyən artilleriya qurğusunu, 315 müxtəlif çaplı silahı, 63 minaatan, 252 yük maşını və 10 xüsusi texnikanı, həmçinin 7 komanda məntəqəsini məhv etdi.

Məhv edilmiş bu qədər texnikalardan əlavə Azərbaycan ordusu qənimət olaraq yüzlərlə hərbi texnika, o cümlədən 79 tank, 47 piyada döyüş maşını, 5 Akatsia və Qvozdika özüyeriyən artilleriya dəsti, 37 müxtəlif çaplı silah, 62 minaatan, 178 qumbaraatan, 270  yük maşını, 93 xüsusi texnika, 5 Şilka zenit silahı, 1380 atıcı silah və onlarla digər silahları ələ keçiridi.

Ümumilikdə 44 günlük müharibədə Azərbaycan Ordusu Ermənistanın dəyəri 4 milyard dollardan artıq olan hərbi texnikasını məhv etdi və yaxud qənimət kimi ələ keçirdi. Bütün bunlarsa Ermənistan ordusunun silah-sursat arsenalının təxminən 70 faizi deməkdir. Bu rəqəm Ermənistanın ÜDM–nin 25 faizinə bərabərdir. Bu rəqəm Ermənistanın illik dövlət büdcəsindən xeyli böyük idi.

Dünya tarixinə qızıl hərflərlə yazılan Zəfər

Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi təkcə Azərbaycan tarixində deyil, dünya hərb tarixində də mühüm izlər qoydu. Qanlı döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.

Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.

44 günlük müharibədə Azərbaycan ordusunun seçdiyi taktika dünyanın hərb tarixində bir yenilik idi. Az qüvvə ilə düşmənin arxasına keçən döyüşçülərimiz qısa zamanda düşmən xətlərini pozdu və məşhur “Ohanyan səddi”ni fiaskoya uğratdı.

Şuşanın alınması isə başqa bir qəhrəmanlıq dastanıdır...

Xüsusi təyinatlılarımız keçilməz dağlıq ərazidən və qalın meşədən keçərək böyük ordunun qərar tutduğu Şuşanı çox qısa zamanda fəth etdi.

Təsadüfi deyil ki, Azərbaycan ordusunun şücaəti o günlər dünyanın gündəmini zəbt etmişdi. 44 günlük savaşı xarici hərbi ekspertlər və nəşrlər gah “Ulduz müharibəsi”, gah “PUA döyüşü”, gah da ki, “təmassız döyüş” adlandırıdı.

Və böyük qələbədən sonra hətta Qərbin aparıcı dövlətlərinin ordu rəhbərliyi Azərbaycan ordusunun təcrübəsini öyrənməyə başladı. Bu həm də ordumuzun Beynəlxalq aləmdə reytinqinin artmasına səbəb oldu. Eləcə də xalqımızın döyüşkən ruhu bütün dünyaya nümayiş etdirildi. Təsadüfi deyil ki, 2022-ci ildə Vətənləri uğrunda döyüşməyə hazır olan xalqların adları açıqlananda maraqlı bir mənzərə ilə üzləşdik.

“Gallup”un keçirdiyi sorğuda Azərbaycan birinci yerdə qərarlaşıb. Azərbaycanlıların 85 faizi Vətən uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər. Maraqlıdır ki, sorğuda Ermənistan sondan 4-cü yeri tutub. Ermənilərin yalnız 18 faizi ölkələri üçün döyüşmək istəyir.

Bu sorğunun nəticələri daha bir faktı təsdiqləmiş oldu. 44 günlük müharibədə Azərbaycan ordusunda bir nəfər də olsun fərari qeydə alınmadı. Amma rəsmi məlumatlara görə, Ermənistan ordusunda 11 mindən artıq fərari var idi.

Tarixi zəfərin davamı

44 günlük müharibə ərazi bütövlüyümüzü bərpa etsə də, suveren hüquqlarımız bütün ərazilərimizdə bərpa olunmamışdı. Xankəndi və ətraf ərazilərdə Ermənistan ordusunun təxribatçı dəstələri qalmaqda idi. Həmin dəstələr davamlı olaraq Azərbaycan ordusu və dinc sakinlərə qarşı təxribatlara əl atırdılar.
 

Belə təxribatlardan biri də 3 avqust 2022-ci ildə törədildi. Terror-təxribat  nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərirdilər.


Azərbaycan Ordusu bölmələrinin 3 avqust 2022-ci ildə keçirdiyi “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürdü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə, qanunsuz erməni silahlılarının çox sayda canlı qüvvəsi məhv edildi, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarıldı.

Təxribatlar yenə də bitmədi...

Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı son və qəti həmləni 2023-cü ilin 19-20 sentyabrında etdi. Sakitləşmək bilməyən erməni millətçi-təcavüzkar dairələrinin qanunsuz fəaliyyətin təhlükəli hal almasının nəticəsi idi ki, 2023-cü il sentyabrın 18-də ermənilərin yol üzərində yerləşdirdiyi minalara görə 6 Azərbaycan vətəndaşı öz həyatını itirdi. Əvvəlcə Avtomobil Nəqliyyatı Agentliyində çalışan iki nəfər Azərbaycan vətəndaşı Xocavənd rayonunda, sonra isə Daxili İşlər Nazirliyinin dörd əməkdaşı həmin rayon ərazisində mina qurbanı oldular. 

Bunun ardınca sentyabr ayının 19-da saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Bu atəş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralandı.

Suverenliyimizin tam bərpasına gedən yolda son addım

Bu özbaşnalığın qarşısını almaq üçün Ali Baş Komandanın göstərişi ilə 2023-cü il sentyabr ayının 19-da, təxminən saat 13:00-da antiterror tədbirləri başladı. Antiterror tədbirləri xüsusi olaraq planlaşdırılmış bir əməliyyat idi. Məqsəd də mülki əhaliyə və infrastruktura ziyan yetirmədən qarşıya qoyulan hədəflərə nail olmaq idi.

Bəlli idi ki, antiterror əməliyyatının başlanması ərəfəsində erməni hərbi qüvvələrinin 300-ə yaxın artilleriya və 50-dən artıq minaatan mövqeləri var idi. Bunlardan başqa erməni hərbi qüvvələrinin ixtiyarında ondan yer-hava raket sistemləri, 6 radiolokasiya stansiyası, 20-dən artıq radioelektron mübarizə vasitəsi və təxminən 30 mobil operator baza stansiyası var idi. 

Ali Baş Komandanı İlham Əliyev müəyyənləşdirdiyi döyüş tapşırıqlarının düzgün və vaxtında icra edilməsi üçün dərhal zəruri olan tədbirlərin icrasına başlandı. Mülki əhaliyə heç bir ziyan vurulmadan Xankəndi və ətraf ərazilərdəki terror şəbəkələri və erməni hərbi birləşmələri məhv edildi.

Antiterror tədbirlərindən bir neçə gün sonra Xankəndindəki separatçı qurum da özünü buraxdı. Bununla da Azərbaycan bütün ərazilərdə öz suveren hüquqlarını bərpa etmiş oldu.

Beləcə Azərbaycan Silahlı Qüvvələri mümkünsüzü mümkün etdi...

Doğrudur müharibələr tarix boyu bəşəriyyətə böyük faciələr gətirib. Lakin paradoks ondadır ki, sülhü qorumağın ən etibarlı yolu da güclü olmaqdır. Gücsüz dövlətlərin sülhü arzudan o yana keçmir. Güclü dövlətlərin sülhü isə təminata çevrilir. Bu mənada ordu müharibənin deyil, sülhün keşiyində dayanan qüvvədir.

Azərbaycan Ordusu son illərdə əldə etdiyi uğurlarla sübut etdi ki, xalqla ordunun birliyi məğlubedilməz güc yaradır. Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və hərbçilərimizin sədaqəti bir daha göstərdi ki, torpağı sevən xalqı heç bir qüvvə sındıra bilməz.

26 İyun bizə bir həqiqəti yenidən xatırladır:

Dövlətlərin sərhədləri xəritədə çəkilir, lakin onların taleyi əsgərlərin ürəyində qorunur. Bu gün Azərbaycan əsgərinin dayandığı mövqe yalnız bir hərbi post deyil, həm də xalqın qürurunun, dövlətin suverenliyinin və gələcəyə olan inamının dayandığı müqəddəs yerdir.

Ona görə də bu gün Silahlı Qüvvələr Günü böyük təntənə ilə, el bayramı kimi qeyd edilir. Təbii ki, bu gün şəhidlərimiz də unudulmur, onların əziz xatirəsi böyük ehtiram və hörmətlə yad edilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin