Tiflis və Kişinyov arasında diplomatik münasibətlərdə ritorika sərtləşir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Moldova rəhbərliyinin xarici siyasət kursunu və ölkənin müstəqilliyinə yanaşmasını kəskin tənqid atəşinə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan mətbuatı yayıb.
Jurnalistlərə açıqlama verən hökumət başçısı Moldovanın yüksək rütbəli rəsmilərinin ölkənin suverenliyini güzəştə getməyə və Rumıniyanın tərkibinə daxil olmağa hazır olduqlarına dair səsləndirdikləri bəyanatları anlaşılan hesab etmədiyini bildirib:
"Yüksək vəzifəli şəxslərin çıxış edərək dövlətin suverenliyindən imtina etməyə hazır olduqlarını bəyan etməsi tamamilə başa düşülən deyil. Bu, həmin şəxslərin öz ölkələrinin müstəqilliyinə və suverenliyinə olan agentura münasibətini açıq şəkildə nümayiş etdirir", — deyə İrakli Kobaxidze vurğulayıb.
Gürcüstanın Baş naziri Moldova hakimiyyətinin bu mövqeyini öz ölkəsindəki daxili siyasi vəziyyətlə müqayisə edib. O, Gürcüstan müxalifətini də bənzər yanaşmada ittiham edib:
"Gürcüstandakı agenturanın, yəni qondarma müxalifətin də yanaşması eynidir. Onlar da hər an Gürcüstanın suverenliyindən, hətta formal olaraq belə imtina edilməsini nəzərdə tutan istənilən sənədə imza atmağa hazırdırlar. Bu, agenturanın taleyi və düşüncə tərzidir. Moldovadakı agentura da eyni mentalitetlə hərəkət edir".
Rəsmi Kişinyov hələlik Gürcüstan Baş nazirinin bu sərt ittihamlarına və "agentura" adlandırmasına rəsmi cavab verməyib.
Bizim.Media




































































































