Yay aylarında avtomobil yanğınları ilə bağlı xəbərlərin sayı artır və bu, sürücülər arasında narahatlıq yaradır. Bəs avtomobil yanğınları niyə məhz yayda daha çox baş verir və bu təhlükənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı avtomobil eksperti Razil Nağıyev “demokrat.az”a bildirib ki, bir çox insan bunun səbəbini sadəcə havaların isti keçməsi ilə əlaqələndirir:
"Əgər səbəb yalnız temperatur olsaydı, dünyanın ən isti ölkələrində avtomobil yanğınlarının sayı daha çox olardı. Əsl səbəb isə yüksək temperaturun avtomobilin bütün sistemlərini daha ağır iş rejiminə keçirməsidir.
Yay aylarında mühərrik bölməsinin temperaturu artır, radiator və soyutma sisteminin səmərəliliyi azalır, kondisionerin istifadəsi isə mühərrikə və elektrik sisteminə əlavə yük yaradır. Nəticədə naqillər, kontaktlar və elektron komponentlər daha yüksək temperatur altında işləyir".
O bildirib ki, benzin və dizel avtomobillərində əsas risk mühərrik bölməsində yaranan yüksək temperatur, yanacaq və yağ sızmaları, həmçinin elektrik sistemindəki nasazlıqlardır:
"Benzinli avtomobillərdə yanacaq buxarının artması alışma riskini yüksəldir, dizel avtomobillərində isə yağ sızmaları, yüksək temperaturda işləyən turbo sistemləri və elektrik nasazlıqları yanğının əsas səbəbləri hesab olunur.
Hibrid və elektrik avtomobillərində isə əsas risk yüksək gərginlikli batareya sisteminin həddindən artıq qızmasıdır. Batareyanın soyutma sistemində nasazlıq və ya daxili qüsur olduqda hüceyrələrin temperaturu sürətlə artır və zəncirvari istilik reaksiyası baş verə bilir.
Yəni, yay mövsümü özlüyündə avtomobili yandırmır. Yüksək temperatur avtomobildə mövcud olan texniki nasazlıqları kritik həddə çatdırır və yanğın riskini əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən yay mövsümündə avtomobilin elektrik sistemi, soyutma sistemi, yanacaq xətləri və sızmaların mütəmadi yoxlanılması yanğınların qarşısının alınmasında ən vacib amillərdən biridir", - deyə ekspert qeyd edib.
Qeyd edək ki, bugün səhər saatlarında Bakının Səbail rayonunda "Kia" markalı avtomobil yanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
06:17 / 26.06.2026
Niyə maşınlar daha çox yayda yanır?
Hazırda oxunan: Niyə maşınlar daha çox yayda yanır?
Hazırda oxunan: Niyə maşınlar daha çox yayda yanır?
621639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































