Son bir neçə gündə işə gələrkən orta yaşlı bir kişinin Azadlıq prospekti ilə Füzuli küçəsinin kəsişməsində - “28 Mall”ın yanındakı oturacaqda yatdığını görürdüm. Maraq məni bürüdü.
Bu adam kimdir? Niyə küçədə gecələyir?
Əvvəlcə yaxınlıqda dayanan taksi sürücülərinə yaxınlaşdım. “Qəhrəmanım”ın kimliyi ilə bağlı onlardan ilkin məlumatı almaq istədim. Taksi sürcüləri jurnalist olduğumu bilən kimi başıma yığışdılar. Bildirdilər ki, bu adam 7-8 gündür ki, burada gecələyir:
“Bir neçə gün əvvəl küçəni keçərkən onu avtomobil vurub. Hazırda iş polisin icraatındadır. Arayıb-axtaranı yoxdur. Rəhmimiz gəlib özümüz üçün gətirdiyimiz yeməkdən, sudan ona da veririk”.
Sonra qəhrəmanımıza yaxınlaşıram. Kimliyini və burada niyə gecələdiyini soruşuram:
“Adım Aqil, soyadım Abdullayevdir. 49 yaşım var. Ömrü boyu Naxçıvan şəhərində yaşamışam. Amma 6 ay əvvəl analığım məni ata evimdən qovdu. Mən də məcbur olub Bakıya gəldim. Əvvəllər “Neftçilər” metrosunun yanında gecələyirdim. İndi də buradayam”.
“Bəs, nə yeyib, nə içirsən” sualıma Aqil belə cavab verdi:
“Anadangəlmə qüsurluyam, İkinci qrup əliləm. Pensiya kartım var. Oradan pul çəkib yemək alıram”.
Aqildən Bakıdakı sosial sığınacağa niyə müracət etmədiyini soruşanda isə bunları söylədi:
“Müraciət etmişəm. Dedilər ki, pasport qeydiyyatın Naxçıvanadır. Ona görə də Bakıda sığınacaq verə bilməzlər. Gərək Naxçıvana gedib, oradan müraciət edim. Mən də ki, Naxçıvana qayıda bilmirəm. Ona görə də qalmışam küçələrdə”.
Məsələ ilə bağlı ƏƏSMN Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.


Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:00 / 25.06.2026
Analığı evdən qovduğu üçün küçədə gecələyir – 49 yaşlı Aqilin HƏYAT HEKAYƏSİ – FOTO
Hazırda oxunan: Analığı evdən qovduğu üçün küçədə gecələyir – 49 yaşlı Aqilin HƏYAT HEKAYƏSİ – FOTO
Hazırda oxunan: Analığı evdən qovduğu üçün küçədə gecələyir – 49 yaşlı Aqilin HƏYAT HEKAYƏSİ – FOTO
621526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































