İlk dəfə Azərbaycan Milli Qəhrəmanı adı alan şəhidlərimizin sayı 11 nəfər olub. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə 11 nəfərə bu ad verilib.
Siyahıda birinci sırada Məhərrəm Seyidovun adı yer alıb. O, digər 10 qəhrəmanımızdan əvvəl şəhid olub və siyahı qəhrəmanların şəhid olduğu tarixə uyğun sıralanıb. Həmin 11 Milli Qəhrəmandan biri də Valeh Müslümov idi.
Bizim.Media xəbər verir ki, tarixçi-alim, professor Zaur Əliyev Valeh Müslümovla bağlı tarixi faktları araşdırıb:
“Valeh Əlizaid oğlu Müslümov 1968-ci ilin sentyabr ayının 2-də Lerik, Kəvçəvəl kəndində doğulub. Valeh tikinti və memarlıq sahəsində böyük istedadı olan bir gənc idi. O, binalara milli naxışlar vurmaqda peşəkar şəxslərdən biri olub.
Rusiyadakı dostları Qarabağda müharibə başlayanda ona burda qalıb öz sənəti ilə böyük pullar qazanmağı təklif etmişdilər. Lakin Valeh onlara qısa cavab verir:
"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"
1991-ci ilin avqust ayından DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində gedən döyüşlərdə fəal iştirak edib. V.Müslümov 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan ərazisində gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərib.
Düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını mühasirədən çıxarıb təhlükəsiz zonaya apararkən aldığı ağır yaradan qəhrəmancasına həlak olub.
Onun sonuncu döyüşü barədə həmin dövrün şahidlərinin dediyinə görə, Valeh Müslimov ağır yara almasına baxmayaraq, dayanmır və yoldaşlarını xilas etməyə davam edir.
Onu tanıyanlar qeyd edirlər ki, Valeh yaralananda tibb işçiləri və yoldaşları onu döyüş meydanından təxliyə etmək istəyirlər. Lakin Valeh qətiyyətlə etiraz edir. O, yarasına tibbi müdaxilə olunmasına belə imkan vermək istəmir, çünki qorxurdu ki, yarasını bağlamaq bəhanəsi ilə onu zorla arxaya — hospitala apararlar və o, yoldaşlarını döyüşdə tək qoyar. O, qan axan yarası ilə döyüşə davam edir və elə bu vəziyyətdə digər yaralıları xilas edir.
O, məhz sonuncu — 11-ci yoldaşını da təhlükəsiz yerə çatdırandan sonra özü həddindən artıq qan itirmədən şəhid olur.
Lerik şəhərindəki 2 nömrəli tam orta məktəbə onun adı verilib. Eyni zamanda, rayonda onun xatirəsinə ucaldılmış memorial kompleks var”.
Allah rəhmət eləsin!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:00 / 23.06.2026
"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"
Hazırda oxunan: "Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"
Hazırda oxunan: "Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"
621065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































