Qusarda 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.
Dövlət qulluğu institutu ictimai idarəetmədə əsas sütunlardan biri olmaqla, ölkənin sosial, iqtisadi və hüquqi inkişafının təmin olunmasında vacib vasitə kimi çıxış edir. Azərbaycan Respublikasında dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi və bu sahədə çalışan peşəkar kadrların fəaliyyətinə verilən dəyərin təzahürü olaraq, Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixi “Dövlət Qulluqçularının Peşə bayramı Günü” kimi təsis olunub.
Bizim.Media xəbər verir ki, 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonda fəaliyyət göstərən dövlət müəssisələrinin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Abidə önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən bəhs edib.
O bildirib ki, Ulu Öndərin əsasını qoyduğu uğurlu dövlətçilik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sahir Məmmədxanov dövlət qulluqçularının cəmiyyət və dövlət qarşısında mühüm vəzifələr daşıdığını vurğulayaraq qeyd edib ki, dövlət qulluqçusu olmaq yüksək mənəvi məsuliyyət, vicdan, peşəkarlıq və fədakarlıq tələb edən şərəfli bir missiyadır.
Rayon başçısı vurğulamışdır ki, müasir dövlət qulluqçusu yalnız inzibati funksiyaları yerinə yetirən şəxs deyil, eyni zamanda çevik düşünən, rəqəmsal idarəetmə alətlərindən səmərəli istifadə edən, şəffaflıq prinsiplərinə sadiq qalan və vətəndaşlara diqqət və hörmətlə yanaşan peşəkar olmalıdır.
Rayon İcra Hakimiyyətinin başçısı dövlət qulluqçularının fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edərək, onların bundan sonra da dövlətçiliyimizə sadiq qalacaqlarına, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Qusar rayonunda uğurla həyata keçirilməsinə və rayonun sosial-iqtisadi inkişafına layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Sonda Sahir Məmmədxanov bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.




Aytəkin Alxaslı, Bizim.Media


































































































