Azərbaycanda benzin və dizel istehsalı azalıb

Hazırda oxunan: Azərbaycanda benzin və dizel istehsalı azalıb

642609

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında həm avtomobil benzininin, həm də dizel yanacağının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Bizim.Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ilin ilk doqquz ayında ölkədə 1 milyon 68,5 min ton avtomobil benzini istehsal edilib.

Ötən ilin müvafiq dövründə bu göstərici 1 milyon 81,3 min ton olub. Beləliklə, benzin istehsalı 12,8 min ton və ya təxminən 1,2% azalıb.

Dizel yanacağının istehsalında isə daha böyük azalma qeydə alınıb. Yanvar-sentyabr aylarında 1 milyon 799 min ton dizel yanacağı istehsal edilib. Bu, ötən ilin eyni dövründəki 1 milyon 861,9 min tonla müqayisədə 62,9 min ton və ya 3,4% azdır.
 

Bununla yanaşı, hazır məhsul ehtiyatları da azalıb. Oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 45,5 min ton avtomobil benzini və 137,5 min ton dizel yanacağı olub. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 62,2 min ton və 159 min ton təşkil edirdi.


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda 1,4 milyon ton avtomobil benzini və 2,3 milyon ton dizel yanacağı istehsal etməyi planlaşdırır.

Şirkətin ilin əvvəlində açıqladığı məlumata görə, 2025-ci ildə zavodda Avro-5 standartına uyğun 1,5 milyon ton benzin və 2,5 milyon ton dizel yanacağı istehsal edilib.

Beləliklə, SOCAR-ın 2026-cı il üzrə istehsal planı əvvəlki ilin faktiki göstəricilərindən benzin üzrə 100 min ton (6,7%), dizel yanacağı üzrə isə 200 min ton (8%) aşağıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə neft məhsulları istehsalının ümumi dəyəri 4 milyard 612 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 4 milyard 47,3 milyon manat olub. Cari qiymətlərlə istehsalın dəyəri artsa da, müqayisəli qiymətlərlə istehsal həcmi 4,3% azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin